Bakı. Trend:
Azərbaycanda strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib.
Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçirilən strateji investisiya layihələrini təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 6 il ərzində verilir.
İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakılardır:
1. Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz,
kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal
layihələri
2. Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı
layihələri
3. Tullantıların idarə olunması və təkrar emalı layihələri
4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri
5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye
məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal
layihələri
6. 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya
müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft/qaz sənayesi
müəssisələrinin istehsal layihələri
7. Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən,
yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın
əvəzlənməsini) və ya qeyri-neft sektorunun ixrac potensialının
artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin
yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk”
(“First in Azerbaijan”) layihələri
8. Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı
(qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri
9. Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat
hissələrinin istehsalı layihələri
10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri.
