...

LİBERAL PARTİYASI NIN "AZADLIQ"A QOŞULACAĞI İSTİSNA OLUNMUR

Siyasət Materials 5 İyul 2005 13:27 (UTC +04:00)

Azərbaycan Liberal Partiyası (ALP) öz toplantısında qurumun "Yeni Siyasət" ("YeS") seçki blokunu tərk etməsi ilə bağlı qərar qəbul edilib. Bu haqda ALP-nin İcrayyə Komitəsinin sədri Əvəz Temirxan Trend ə bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda ALP-nin radikal partiyanın təsis etdiyi "Azadlıq" blokuna qoşulacağı istisna edilmir.

"ALP-nin lideri, "Milli Birlik Hərəkatı"nın rəhbəri Lalə-Şövkət Hacıyevanın "Yeni Siyasət" seçki blokunu tərk etməsindən sonra partiyanın həmin blokda qalmasının heç bir mənası yox idi. Çünki ALP öz fəaliyyətini "Milli Birlik Hərəkatı"nın tərkib hissəsi kimi davam etdirməkdədir. Əgər gələcəkdə hərəkatın lideri L.-Ş.Hacıyeva "Azadlıq" blokuna daxil olmaq haqda qərar qəbul edərsə, düşünürəm ki, partiyada buna etiraz olunmayacaq",- deyə Əvəz Temirxan bildirib.

Onun sözlərinə görə, liberal dəyərlərə söykənən ALP-nin radikal müxalifətin cəmləşdiyi "Azadlıq" blokuna qoşulmasında heç bir qeyri-adilik yoxdur.

"Əslində "Azadlıq" blokunda təmsil olunmuş partiyalar da ölkədə demokratik seçkilərin keçirilməsi, seçki saxtakarlığının qarşısının alınması uğrunda mübarizə aparır. Ümumilikdə götürdükdə bunlar elə liberal dəyərlərdir. Odur ki, ALP-nin "Azadlıq" blokunda təmsil olunmasına təbii baxmaq lazımdır"-deyə Əvəz Temirxan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti