...

ƏLİMƏMMƏD NURİYEVƏ QARŞI ANTİTƏBLİĞAT BAŞLANIB

Siyasət Materials 30 Avqust 2005 15:38 (UTC +04:00)

"Millət vəkili Əliməmməd Nuriyev seçki təbliğatı başlamadan özünü təbliğ edir. O, namizədi olduğu 22-saylı ikinci Nəsimi seçki dairəsində təbliğat kampaniyasına başlayıb". Bu barədə Trend agentliyinə Azərbaycan Ziyalılar Hərəkatı İcra Aparatının rəhbəri Xoşqədəm Cəbrayıloğlu bildirib.

Onun sözlərinə görə, Ə.Nuriyev Seçki Qanununun tələblərini pozur, MSK və müvafiq qurumlar onun haqqında lazımi ölçü götürməlidir: "Əliməmməd Nuriyevin adamları qapı-qapı gəzərək onun şəkli olan təqvimləri, bu günə qədər fəaliyyəti ilə bağlı çap edilən kitabçaları paylayırlar".

Ə.Nuriyevin namizədi olduğu seçki dairəsində yaşayan X.Cəbrayıloğlu bu prosesin açıq-aşkar həyata keçirildiyini söyləyib.

Məlum məsələ ilə bağlı Trend agentliyinə münasibətini bildirən Əliməmməd Nuriyev isə deyilənləri təkzib edib: "Bəzi qüvvələr var ki, onlar son günlər mənim antitəbliğatıma start veriblər. Bunun üçün lazımi qədər pul da xərcləməkdən çəkinmirlər".

Ə.Nuriyev onu da qeyd edib ki, belə qüvvələr indidən üzə çıxmaqla onu seçicilərin səsindən məhrum etmək istəyirlər: "Ancaq daş qayaya rast gəliblər. Məni məğlub etmək onlara o qədər də asan görünməsin".

Xəbər lenti

Xəbər lenti