...

Elmar Məmmədyarov: 2006-cı ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylər artırılacaq

Siyasət Materials 10 Noyabr 2005 12:14 (UTC +04:00)

2006-cı ilin əvvəlindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişlər əldə etmək məqsədilə səylər artırılacaq. Bu barədə jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, artıq dekabrın 4-5-də Lyublyanada Azərbaycan və Ermənistanın XİN başçılarının görüşü ilə bağlı razılıq əldə olunsa da, onun formatı hələ razılaşdırılmayıb. "Ola bilsin ki, görüş ikilikdə keçsin, lakin danışıqların ATƏT-ə üzv ölkələrin XİN başçıları çərçivəsində aparılacağı istisna edilməyib. Lyublyanada baş tutacaq görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcəklər", - deyə nazir qeyd edib.

Danışıqlar prosesinin davam etdirilməsi məsələsinə gəldikdə E.Məmmədyarov bildirib ki, noyabrın 10-da həmsədrlər ATƏT-in Daimi Şurasının Vyanada keçirilmiş iclasında sülh danışıqlarının gedişinə dair məruzələrlə çıxış ediblər. Eyni zamanda XİN başçısı onu da əlavə edib ki, dekabrın ortalarına həmsədrlərin regiona səfəri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti