"Azadlıq" bloku Bakı meriyasını məhkəməyə verəcək. Trend xəbər verir ki, bu barədə noyabrın 25-də Müsavat Partiyasının başqanı İsa Qəmbər keçirdiyi mətbuat konfransında bildirib.
Səbəb isə adıçəkilən blokun noyabrın 27-də "Qələbə" meydanında mitinq keçirməklə bağlı Bakı meriyasına müraciətinə cavab olaraq mitinqin tarixinin noyabrın 26-na dəyişdirilməsi olub. "Meriya mövcud qanunlara zidd olaraq bizim nəzərdə tutduğumuz vaxtla razılaşmayıb mitinqə bir gün qalmış tarixi dəyişdirməklə bağlı bloka cavab göndərib. Biz qərara almışıq ki, bununla bağlı məhkəməyə müraciət edək" - deyə İ.Qəmbər bildirib.
İ.Qəmbər məlum məsələnin məhkəmədə həll olunacağını desə də, Bakı meriyasının təklifi ilə noyabrın 26-da saat 15.00-dan 17.00-dək "Qələbə" meydanında mitinq keçirəcəklərini bildirib.