...

BQXK prezidenti Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşüb

Siyasət Materials 3 Aprel 2006 18:53 (UTC +04:00)

Aprelin 3-də Azərbaycanda səfərdə olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Yakob Kellenberqer müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı müdafiə naziri BQXK-nin Azərbaycan nümayəndəliyinin 1992-ci ildən fəaliyyət göstərdiyini, onün Ermənistan-Azərbaycan müharibəsinin gedişində və bu gün də əsir və itkin düşənlərin, o xümlədən girov götürülənlərin axtarışı ilə məşğul olduğunu qeyd edib.

S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinə toxunaraq bildirib ki, münaqişə başlayarkən burada beynəlxalq humanitar hüququn prinsipləri işləməli idi. Lakin belə omladı. Məcburi köçkün və qaçqın həyatı sürən, öz doğma yurd-yuvasından didərgin düşən 1 milyona yaxın Azərbaycan vətəndaşı hələ də ağır vəziyyətdə yaşayır.

Nazir Ermənistan-Azərbaycan müharibəsinin gedişi zamanı ermənilərin silahlı münaqişələrin hüquq normalarına riayət etmədiklərini xüsusi vurğulayıb. O, Xocalı faciəsi və onun nəticəsi barəsində qonağa ətraflı məlumat verərək söyləyib: "Hər bir beynəlxalq təşkilat, o cümlədən BQXK Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün əlindən gələni etməlidir".

Cənab Yakob öz növbəsində BQXK-nin fəaliyyəti və iş prinsipləri barəsində müdafiə nazirinə ətraflı məlumat verib. O, qeyd edib ki, BQXK Azərbaycan dövləti və onun Silahlı Qüvvələri ilə əməkdaşlığını bundan sonra da davam etdirəcək.

Görüşdə tərəflər əməkdaşlığın gələcək perspektivləri haqqında fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti