...

Demokratik İslahatlar Partiyası ermənilərin Azərbaycan ərazilərində törətdiyi vandalizm aktları ilə bağlı beynəlxalq qurumlara muraciət edib

Siyasət Materials 8 İyun 2006 16:45 (UTC +04:00)

Demokratik İslahatlar Partiyası Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış son durum müzakirə olunub. Trend in verdiyi məlumata görə, Siyasi Şura ermənilərin Azərbaycan ərazilərində törətdiyi vandalizm aktları ilə bağlı Avropa Birliyi, Avropa Şurası, ATƏT və NATO-nun, bu təşkilatların parlament assambleyalarının, bu qurumlarda təmsil olunan liberal və yaşıl partiyaların rəhbərlərinə müraciət qəbul edib. Müraciətdə deyilir:

"Son vaxtlar işğal nəticəsində boş qalmış Azərbaycan kəndlərinin və kənd təsərrüfatı sahələrinin yandırılması halları artıb. İşğal olunmuş ərazilərlə həmsərhəd olan bölgələrdə yaşayan şahidlərin sözlərinə görə, onlar səhərlər yuxudan oyananda müharibədən əvvəl azərbaycanlıların yaşadığı kəndlərin tüstüyə qərq olduğunu görürlər.

Son günlərdə ermənilər Azərbaycanın Ağdam rayonunun daha dörd kəndini yandırıblar. Yandırılmış kəndlərdə flora və fauna tamamilə məhv olub, torpaqlar istifadəyə tamamilə yararsız hala düşüb. İşğal zonasında həyatın məhv edilməsi nəticəsində Azərbaycan kəndlilərinin təsərrüfatları da iflic olub.

Bundan əlavə, ermənilər Ermənistandan keçərək Azərbaycana axan cayları Metzamor AES-dən axıdılan radioaktiv tullantılarla çirkləndirməkdə davam edirlər.

Onlar həmçinin Azərbaycanın Füzuli rayonu ərazisindəki ən qədim avropoid insanının (azıxantropun) çənə sümüyünün tapıldığı, böyük arxeoloji əhəmiyyətə malik Azıx mağarasını silah-sursat anbarına çevriblər.

Ermənilərin işğal olunmuş Azərbaycan kəndlərini yandırmaqla səhra mühiti yaratması, evləri, mədəni və tarixi abidələri məhv etməsi, Avropanın ən nadir meşələrini qırması, bütünlükdə regionun ekologiyasını korlaması vandalizmdən başqa bir şey deyil.

Demokratik İslahatlar Partiyası Avropa Birliyi, Avropa Şurası, ATƏT və NATO-nun, bu təşkilatların parlament assambleyalarının, bu qurumlarda təmsil olunan liberal və yaşıl partiyaların rəhbərlərini öz nüfuzlarından istifadə edərək ermənilərin törətdiyi bu vandalizm aktlarının qarısını almaqda Azərbaycana kömək etməyə çağırır.

Partiya hesab edir ki, ermənilərin törətdiyi bu vandalizm aktları təkcə Azərbaycan üçün deyil, bütün Avropa və dünya üçün təhlükəlidir.

Biz bir daha Avropa qurumlarını erməni işğalçılarının Azərbaycan əleyhinə vandalizminə qarşı çıxmağa çağırırıq".

Xəbər lenti

Xəbər lenti