...

Sentyabr ayında Dünya Azərbaycanlıları Konqresinin IX qurultayı keçiriləcək

Siyasət Materials 29 İyun 2006 14:12 (UTC +04:00)

Bu il sentyabr ayında Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayı keçiriləcək. Bu barədə Trend ə DAK-dan məlumat verilib.

Bu, Cavad Derəxtinin rəhbərlik etdiyi DAK-ın sayca IX qurultayı olacaq. Hazırda qurultayın keçiriləcəyi ölkə seçilir, bununla bağlı təkliflər müzakirə olunur. Qeyd edək ki, qurultayın Estoniyada keçirilməsi nəzərdə tutulmuşdu. Təşkilat rəhbərliyi bu seçimini Estoniyada çoxlu sayda azərbaycanlıların yaşaması, orada güclü diasporumuzun olması ilə əsaslandırmışdı. Lakin Estoniyada prezident və parlament seçkiləri keçiriləcəyindən DAK bu qərarını dəyişməli oldu. DAK-ın mətbuat xidmətinin rəhbəri Əli Nicatın bildirdiynə görə, qurultay Brüsseldə keçirilə bilər.

O, qeyd edib ki, hazırda qurultayın proqramı hazırlanır. Bu dəfə toplantıda GüneyAzərbaycandan gələn iştirakçılar sayca çox olacaq. Qurultayda GüneyAzərbaycan, Qarabağ, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması məsələləri müzakirə olunacaq. Bu problem və vəzifələrlə əlaqədar beynəlxalq təşkilatlara, Azərbaycan prezidentinə, Milli Məclisinə müraciətlər qəbul olunacaq. Qurultayda həmçinin DAK-ın sədri, Məclis üzvləri seçiləcək. Təşkilatın qarşıdakı bir illik fəaliyyəti ilə bağlı proqram hazırlanacaq, DAK-ın Nizamnaməsinə baxılacaq. DAK-ın sədri, quruma daxil olan komitə və bölgə nümayəndəlikləri hesabat verəcəklər. Qurultaydan dərhal sonra isə Sədr Aparatı formalaşdırılacaq, sədr özünün müavinləri, müşavirləri, ayrı-ayrı ölkələr üzrə bölgə nümayəndələrini təyin edəcək. Əli Nicatın bildirdiyinə görə indiki sədr Cavad Derəxti qurultayda yenidən sədrliyə namizədliyini irəli sürəcək, həmçinin başqaları da sədr postuna namizədliyini verə bilər.

Qeyd edək ki, DAK adı ilə fəaliyyət göstərən digər təşkilat - M.R.Xeştinin sədrlik etdiyi Konqres də bu yaxınlarda özünün IX qurultayını keçirdi.

Xəbər lenti

Xəbər lenti