...

Nazir: Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünyada birinci yerlərdən birini tutur

Siyasət Materials 19 Dekabr 2006 15:46 (UTC +04:00)
Nazir: Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünyada birinci yerlərdən birini tutur

Bu gün Bakıda Azərbaycan-Türkiyə işgüzar şurasının iclası keçirilib. Görüşdə iştirak etmək üçün ticarət və sənaye naziri Əli Coşqunun başçılıq etdiyi Türkiyə nümayəndə heyəti Azərbaycana gəlib. Bu barədə Trend xəbər verir. Nümayəndə heyətinə Türkiyənin təxminən 25 iş adamı daxildir. Tədbirdə Azərbaycandan 100-dən çox şirkət iştirak edir.

İclasın açılışında Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev ölkədəki makroiqtisadi vəziyyət haqqında məlumat verib.

Onun sözlərinə görə, əgər 2005-ci ilin yekunlarına görə ÜDM-in artım həcmi 24,6% təşkil edibsə, bu il onun 32% səviyyəsində olacağı proqnozlaşdırılır.

"Ölkədə təxminən 500 min yeni iş yeri yaradılıb. Azərbaycan iqtisadiyyatına 20 mlrd. ABŞ dolları sərmayə qoyulub. Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünyada birinci yerlərdən birini tutur", - deyə o bildirib.

Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Turan Moralının sözlərinə görə, Azərbaycanda dövlət iqtisadiyyatının təkmilləşdirilməsi prosesi davam edir, lakin çətinliklə irəliləyən gənc müəssisələr üçün müəyyən problemlər var.

"Bununla əlaqədar, Türkiyədə fəaliyyət göstərən bəzi şirkətlər hələ Azərbaycana gəlməkdən qorxurlar, lakin biz onlara deyirik ki, bunu məhz indi etmək lazımdır, belə ki, ölkədə islahat prosesi dinamikdir", - deyə o bildirib.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, indi bütün qonşu dövlətlər Azərbaycanın enerji asılılığının altına düşüb.

"Əgər Qazaxıstan karbohidrogenlərin Azərbaycandan keçərək nəql olunması variantını düşünürsə, o zaman Türkmənistan analoji fikrə bir qədər gec gələcək", - deyə o bildirib.

Ticarət və sənaye naziri Əli Coşqun bildirib ki, Türkiyə bu gün iqtisadi potensialına görə dünyanın ən güclü 20 ölkəsi arasında 17-ci yeri tutur. "Biz ölkəyə nou-xau cəlb olunması üzrə və rəqabət qabiliyyətli məhsulun buraxılmasında Azərbaycanla öz təcrübəmizi bölüşməyə hazırıq", - deyə o bildirib.

Onun sözlərinə görə, bizim münasibətlərimiz yalnız qardaş münasibətlərinə deyil, həm də güclü iqtisadi əlaqələrə əsaslanmalıdır.

"4 il ərzində Türkiyə ixracdan gələn gəlirləri 30 mlrd. ABŞ dollarından 85 mlrd. ABŞ dollarına çatdıraraq, onları üç dəfə artırıb, burada 90% sənaye məhsullarının payına düşür. Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsinin 2006-cı ildə 1 mlrd. ABŞ dollarına çatdırılması gözlənilir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti