...

Asim Mollazadə: "ABŞ-da keçirdiyim görüşlərdə Azərbaycanın böyük demokratik potensiala malik olduğunu diqqətə çatdırdım"

Siyasət Materials 25 Dekabr 2006 16:45 (UTC +04:00)
Asim Mollazadə: "ABŞ-da keçirdiyim görüşlərdə Azərbaycanın böyük demokratik potensiala malik olduğunu diqqətə çatdırdım"

"ABŞ-a səfərim çox önəmli bir səfər oldu. ABŞ-da keçirdiyim bütün rəsmi və qeyri-rəsmi görüşlərdə həmsöhbətlərim mənimlə eyni fikirdə idilər və bizim müvafiq əməkdaşlığımız genişləndiriləcək". Bu fikirləri Trend ə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bildirib.

ABŞ-a işgüzar səfərdən qayıtmış Asim Mollazadə bildirib ki, səfər onun bu ölkənin icra və qanunvericilik strukturlarında geniş müzakirələr aparmasına imkan verib. Onun sözlərinə görə, keçirdiyi bütün görüşlərdə aparılan müzakirələrin əhatə dairəsi geniş olub: "İlk növbədə bizim Cənubi Qafqaz regionunda təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri, regionun inkişafı, həyata keçirilən iqtisadi layihələr, GUAM-ın inkişaf perspektivləri, Azərbaycanda demokratiyanın inkişafı və Avroatlantik məkana inteqrasiya, bu istiqamətdə zəruiri olan islahatlar barədə geniş müzakirələr aparılıb".

A.Mollazadənin səfəri çərçivəsində rəsmi görüşlərlə yanaşı, ABŞ-ın bəzi demokratik institutlarında, tanınmış araşdırma mərkəzlərində də görüşləri olub. ABŞ-ın iki böyük universitetində keçirilən görüşlərdə A.Mollazadə çıxış edib. Millət vəkilinin həmçinin ABŞ-dakı Azərbaycan və yəhudi icmalarının ən önəmli təşkilatlarının rəhbərləri, nümyəndələri ilə görüşləri keçirilib.

A.Mollazadə erməni diasporunun çoxluq təşkil etdiyi və fəallığı ilə seçildiyi Kaliforniya ştatında da olub. A.Mollazadə qeyd edib ki, məhz bu ştatda erməni lobbisinin əli ilə çox zaman Azərbaycanın əleyhinə sənədlər qəbul edilir. A.Mollazadə bu ştata daxil olan Los-Anceles Şəhər Şurasının rəhbəri və üzvləri, həmçinin üzvlərinin sayına görə ştatda çoxluqda olan partiyanın rəhbəri ilə görüş keçirib. DİP sədri həmçinin Kaliforniyada yaşayan azərbaycanlıların fəaliyyəti, təşkilatlanması işləri ilə tanış olub.

"ABŞ-da keçirilən görüşlərimdə əsas diqqəti həm də amerikalıların öz maraqlarına dəstək verməsinə yönəltdim. Eyni zamanda, Azərbaycanın böyük demokratik potensiala malik olmasını, regionumuzda ABŞ-a ən etibarlı tərəfdaş, müttəfiq kimi baxıldığını diqqətə çatdırdım. Bizim bölgədə iqtisadi inkişafla yanaşı, demokratik sistemin formalaşmasının önəmini bütün görüşlərimdə vurğuladım"-deyə A.Mollazadə məlumat verib.

Xəbər lenti

Xəbər lenti