...

NATO-nun qiymətləndirmə üzrə nümayəndə heyəti Bakıya gəlib

Siyasət Materials 13 Fevral 2007 15:52 (UTC +04:00)

NATO-nun 10 nəfərdən ibarət qiymətləndirmə üzrə nümayəndə heyəti Bakıya gəlib. Nümayəndə heyətinə təşkilatın Azərbaycan üzrə koordinatoru Lorenz Mayer-Minnemann (Lorenz Meyer-Minnemann) başçılıq edir. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Nümayəndə heyətinin Azərbaycana səfər etməsinin məqsədi Azərbaycan və NATO arasında fərdi tərəfdaşlıq proqramının qiymətləndirilməsi, eləcə də planlaşdırma və təhlil prosesidir.

NATO nümayəndələri artıq sərhəd xidmətində, daxili qoşunlarda görüşlər keçirib. Azərbaycan XİN-də əlavə danışıqların keçiriləcəyi gözlənilir. Bu danışıqlarda həmçinin başqa dövlət qurumlarının və Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcək.

Səfərin yekununa görə Şimali Atlantika Alyansına təqdim olunacaq və Azərbaycanın, həm də NATO-nun 26 üzv-ölkəsinin nümayəndələrinin müzakirəsinə çıxarılacaq hesabat hazırlanacaq.

NATO-nun Azərbaycandakı informasiya mərkəzindən Trend ə verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə həmçinin NATO-nun Azərbaycan üzrə keçmiş koordinatoru Yetər Yaman da daxil olub. O, indi Mərkəzi Asiya ölkələri üzrə nümayəndə vəzifəsindədir. Onun tələbələr və Azərbaycanın QHT nümayəndələri ilə görüşlər keçirəcəyi ehtimal olunur. Bu görüşlərdə NATO-nun Riqa sammitinin yekunları və təşkilatın elmi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Nümayəndə heyətinin Azərbaycana səfəri fevralın 16-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti