...

"Azadlıq" blokunun həmsədri: "Müsavat Partiyasının daxilində iki fərqli xətt tərəfdarlarının mübarizəsi gedir"

Siyasət Materials 19 İyun 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyasının daxilində iki fərqli xətt tərəfdarlarının mübarizəsi gedir. Bu fikirləri "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev bildirib.

O, əvvəllər "Azadlıq" blokunda təmsil olunmuş Müsavat Partiyasının yenidən bu bloka qayıtmaq ehtimalını şərh edərkən deyib ki, hazırda onlar arasında mövqe birliyi yoxdur. Hakimiyyətə qarşı mübarizə üsullarında fərqli mövqelər qaldığı müddətcə Müsavatla "Azadlıq"ın birləşməsi gözlənilmir: "Müsavat daxilində çox normal olaraq ideologiya mübarizəsi gedir: hakimiyyətə qarşı prinsipial mübarizənin tərəfdarı olanlarla iqtidarın idarəçiliyi altında münbit şərait axtaranların mübarizəsi. Biz ümid edirik ki, bu mübarizə prinsipial əqidə daşıyanların xeyrinə başa çatacaq" - deyə Əliyev qeyd edib.

"Azadlıq" bloku həmsədrinin sözlərinə görə, müxalifətdə təmsil olunub iqtidardan gizli dəstək alan partiyalar var. Onların iqtidarla əlaqələri, hansı mübarizə metodlarına üstünlük verməsi prezident seçkiləri yaxınlaşdıqca daha aydın görünəcək: "Seçkiyə yaxın dövrdə müxalifət düşərgəsində bölünmələr baş verəcək. İqtidardan dəstək alan partiyaların real müxalifət partiyaları ilə yolları ayrılacaq".

Qeyd edək ki, "Azadlıq" siyasi blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti