...

Demokratiya Uğrunda İttifaq Müsavat, ADP və AXCP-ni qarayaxma ilə məşğul olmaqda, xaricdən asılılıqda ittiham edir

Siyasət Materials 12 İyul 2007 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Üç müxalifətçi partiyanın təmsil olunduğu Demokratiya Uğrunda İttifaq digər müxalifət pariyalarını - Müsavat, ADP və AXCP-ni onun fəaliyyətinə qara yaxmaqda ittiham edib. Bu barədə İttifaqın cümə axşamı yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, İttifaq yaradılan zaman indiyə qədər özlərini "əsas, aparıcı müxalifət partiyaları" adlandıran həmin təşkilatlar müxtəlif bəhanələrlə bu birliyə qoşulmaqdan imtina ediblər: "Həm mövcud iqtidarla, həm də Azərbaycanın ictimai-siyasi aktiv təbəqəsinin böyük kəsimini idarə edən beynəlxalq donor təşkilatlarla alver etmiş Müsavat, ADP, AXCP və digər partiyalar İttifaq yaranandan sonra ciddi narahatlıq keçirməyə başlayıb. Asılı olduqları Qərb ölkələrinin Azərbaycan əleyhinə siyasətinə mövqe bildirə bilməyən, indiyə qədər iştirakçısı olduğu oyunlara və xalqı dəfələrlə aldatdıqlarına görə cəmiyyət tərəfindən düzgün qiymətlərini almış bu təşkilaların liderləri və onlara yaxın mətbu orqanlar hər vasitə ilə Demokratiya Uğrunda İttifaqı gözdən salmağa çalışırlar"-deyə bəyanatda vurğulanır.

O da qeyd olunur ki, bu partiyalar Qarabağ problemi ilə bağlı nəinki hansısa fəaliyyət ortaya qoyub, milli qüvvələri bir araya gətirməyə, birgə müqavimət təşkil etməyə çalışıb, əksinə bu işi görmək istəyənlərə qarşı hücuma keçiblər. "Bu partiyaların rəhbərliyinə daxil olan və Qərbin ayırdığı qrantlardan asılı olan bir sıra funksionerlərin açıq şəkildə təslimçilik siyasətini dəstəkləməsi bir faktdır.

İttifaqın böyük israrla milli demokratik qüvvələri bir yerə toplamaq təşəbbüsü bəzi partiyalarda özündənrazılıq hissi yaradıb. İttifaq başqalarından asılı vəziyyətə düşmüş partiyaları özündə cəsarət taparaq milli maraqlar uğrunda mübarizəyə çağırır".

Demokratiya Uğrunda İttifaq müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları tərəfindən təsis olunub.

Xəbər lenti

Xəbər lenti