...

Milli qanunvericiliklə Avropa Konvensiyası arasında ziddiyyətlərin araşdırılması üçün xüsusi quruma ehtiyac var

Cəmiyyət Materials 6 Oktyabr 2007 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Milli qanunvericiliklə Avropa Konvensiyası arasında ziddiyyətlərin araşdırılması və müvafiq təkliflərin hazırlanması üçün xüsusi qurumun yaradılmasına ehtiyac var. Bu təkiliflə millət vəkili, Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynov çıxış edib.

Millət vəkili bildirib ki, bəzi Avropa dövlətlərində belə bir qurum yaradılıb və təcrübədə müsbət nəticələr əldə olunub. Hüseynov Azərbaycanda bu qurumun Məhkəmə-Hüquq Şurasının və ya Ədliyyə Nazirliyinin tərkibində yaradılmasını mümkün sayır.

Millət vəkilinin sözlərinə görə, Avropa Məhkəməsinin president hüququ daim inkişafdadır və milli qanunvericiliyin bütovlükdə Konvensiyaya və presidentlərə uyğunlaşdırılması qeyri-mümkündür. Yaradılmalı olan qurum bu yenilikləri öyrənməli və milli qanunvericiliyə zəruri dəyişikliklər barədə təkliflər hazırlamalıdır.

Millət vəkili hesab edir ki, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər hakimlərin yanlış qərar çıxarmasına əsas verməməlidir.

Millət vəkili hakimlərin fəaliyyətlərindəki nöqsanların qanunvericilikdəki boşluqlar, ziddiyyətlərlə əlaqələndirilməsini yanlış hesab edir. Onun sözlərinə görə, hakimlər Konvensiya və Konstitusiyanın müvafiq maddələrini tətbiq edərək qərar qəbul etməlidir: "Peşəkar hakim həmin müddəaları qərarında təfsir etməli, qanunvericilikdəki boşluğu doldurmağa çalışmalıdır, ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflərin verilməsində də rol oynaya bilər".

Hüseynovun sözlərinə görə, hakimlərin bu sahədə qeyri-peşəkarlığı vətəndaşların müəyyən hüquqlarının pozulması və Azərbycana qarşı İnsan haqları üzrə Avropa Məhkəməsində qərarların qəbul edilməsi ilə nəticələnir.

Xəbər lenti

Xəbər lenti