...

Dünya azərbaycanlıları Xocalı soyqırımının 16-cı ildönümünü qeyd edirlər

Cəmiyyət Materials 26 Fevral 2008 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir S.İlhamqızı/ Bu gün Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində etiraz aksiyaları, konfrans və digər tədbirlər keçirilib.

Trend in xüsusi müxbiri xəbər verir ki, bu gün Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Ermənistanın Kiyevdəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Sonda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələbinin əks olunduğu Qətnamə Ermənistan səfirinə təqdim edilib.

Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran Trend a bildirib ki, Türkiyənin İstanbul, Ədirnə, Sakarya şəhərdlərində 30 azərbaycanlı rəssamın Xocalı soyqırımına həsr olunan rəsm əsərlərinin sərgisi keçirilib, soyqırıma dair film nümayiş olunub.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyası və Kanada Azərbaycanlı Qadınlar Assosiasiyası fevralın 24-də Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçiriblər. Tədbirdə Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyev, Kanada Türk Assosiasiyaları Federasiyasının fəxri prezidenti Aydın Yurtcu, Qadınlar Assosiasiyasının prezidenti Tünzalə Bağırova, icmanın üzvü Ali Şaraf çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin 

tarixindən, Xocalı soyqırımının, ermənilərin Azərbaycan xalqına qarşı cinayətlərinin səbəblərindən və acı nəticələrindən danışıblar. Sonda Qarabağ münaqişəsini əks etdirən sənədli film nümayiş etdirilib. Fevralın 23-24-də Danimarkada XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı bir neçə tədbir keçirilib. Fevralın 23-də Hillerod şəhərində Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin sədr müavini Anaxanım Hüseynovanın təşəbbüsü ilə faciə qurbanlarının xatirəsi yad edilib. Mərasimdə Kopenhagen Universitetinin professoru Karl Erik Foverskov da iştirak edib. Tədbirdə Xocalı soyqırımına həsr olunmuş fotostend və sənədli film də nümayiş olunub.

Fevralın 24-də isə, Kopenhagenın mərkəzində yerləşən Rad Plats meydanında "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqinin rəhbərliyi ilə etiraz mitinqi keçirilib. Aksiyada yerli əhaliyə Xocalı soyqırımından bəhs edən məlumat bülletenləri paylanıb.

Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Tədbirləri İzmirdə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti birgə təşkil edirlər. İlk olaraq Türkiyə Böyük Millət Məclisi millət vəkillərinin elektron poçt ünvanlarına maillər və fakslar göndərilərək, onlardan Türkiyə Böyük Millət Məclisinin Xocalı faciəsinin soyqırım kimi tanıması xahiş olunub. Daha sonra tədbir iştirakçıları İzmirdə fəaliyyət göstərən aparıcı siyasi partiyalar, cəmiyyətlər və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşüblər, onlara, Xocalı soyqırımı ilə bağlı məlumatları genişləndirmək məqsədilə ,Soyqırım haqqında türkcə

hazırlanmış videomaterial, broşürlər veriblər.

Fevralın 22-də əsasən xaricdən gələn tələbələrin təhsil aldığı Türkcə Təhsil Mərkəzində Xocalı qətliamıyla bağlı konfrans təşkil olunub. Konfransda bu mərkəzdə oxuyan əcnəbi tələbələrin əksəriyyəti iştirak edib.

Fevralın 23-də isə, İzmirin mərkəzi Konak Meydanında yürüş-mitinq təşkil edilib. Aksiyada "Xocalını Unutma-Unutdutma", "Azərbaycan -Türkiyə: Bir Millər, İki Dövlət", "Azərbaycan-Türkiyə Çiyin-Çiyinə" şüarları səsləndirilib. Mitinqdə mətbuat üçün bəyanat oxunub. Etiraz aksiyası ilə yanaşı, Xocalı soyqırımını əks etdirən foto-sərgi də təşkil edilib. Mitinq iştirakçılarına və yerli sakinklərə Xocalı faciəsi ilə bağlı CD və broşürlar paylanıb. Aksiyaya KİV nümayəndələri xüsusi diqqət ayırıblar.

İzmirdə Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı keçirilən tədbirlər çərçivəsində, fevralın 25-də bu şəhərin Sky televiziyası və fevralın 27-də isə, TRT İnt kanalında faciədən bəhs edən canlı verilişlər təşkil olunacaq.

Eyni zamanda, Ege və Doqquz Eylül Üniversitetlərinin müxtəlif fakültələrində konfranslar təşkil ediləcək.

Fevralın 23-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyindəki Azərbaycan Cəmiyyəti Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı anım tədbiri keçirib. Cəmiyyətin sədri Samir İmanovun verdiyi xəbərə görə, tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrin diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş "Dua" və Heydər Əliyev Fondunun hazırladığı "Xocalı qətliamı" adlı sənədli filmlər nümayiş etdirilib. Heydər Əliyev Fondunun ingilis dilində hazırladığı beş cildlik "Qarabağ həqiqətləri" kitabı da tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Fevralın 23-də Azərbaycanlıların İsvecrədəki Mədəniyyət Mərkəzi (AİMM) Xocalı soyqırımının ildönümü münasibətilə Ermənistanın bu ölkədəki səfirliyinin binası qarşısında iki saatlıq etiraz aksiyası keçirib. Aksiya iştirakçıları soyqırım zamanı qətlə yeritilmiş insanların, xüsusilə uşaqların fotoşəkillərini nümayiş etdirib, səsucaldan vasitəsilə həlak olan insanların sayı qədər - 613 dəfə həyəcan zəngi səsləndirib, faciə qurbanlarının xatirəsinə 613 şam yandırıblar. Aksiyanın sonunda qəbul edilən müraciət Ermənistanın İsvecrədəki səfirliyinə və İsvecrə Parlamentinə göndərilib. Tədbirdə, həmçinin, yerli əhali arasında 500 -dən çox Xocalı soyqırımından bəhs edən məlumat vərəqələri paylanıb.

Trend in xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar sabah Moskvada tədbir keçirəcək.

Xəbər lenti

Xəbər lenti