...

Berti Foqts Azərbaycanın Olimpiadaya ev sahibliyi etmək iddiasını dəstəkləyir

Cəmiyyət Materials 23 Aprel 2008 12:10 (UTC +04:00)
Berti Foqts Azərbaycanın Olimpiadaya ev sahibliyi etmək iddiasını dəstəkləyir

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts paytaxt Bakının 2016-cı ildə keçiriləcək Olimpiadaya ev sahibliyi etmək iddiasını dəstəkləyir. "İnanıram ki, bu ölkənin böyük potensialı var. Azərbaycan gələcəyə baxan və arzularla zəngin olan bir ölkədir. 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarına namizəd olmaq isə bir simvoldur" çərşənbə günü jurnalistlərlə görüşdə Foqts deyib.

O bildirib ki, Bakının adının 2016-cı ilin Olimpiadasına iddia edən Madrid, Tokio və Çikaqo kimi şəhərlərlə yanaşı çəkilməsi çox müsbət haldır. "Bakının Olimpiadaya namizədliyini irəli sürməsi gələcək iddialar üçün möhkəm bünövrə olacaq. Bakı artıq təcrübə əldə etmiş şəhərdir və bununla da o nə qazandığını nümayiş etdirə bilər", deyə Foqts bildirib.

Almaniyalı mütəxəssis Azərbaycanın yığma komandasına aprel ayından rəhbərlik edir. O, Azərbaycana gələnədək Almaniya yığmasını Avropa çempionu edib və Şotlandiya, Nigeriya kimi ölkələrin seçmə komandalarını çalışdırıb.

Foqts deyib ki, məqsədi Azərbaycan yığması ilə kiçik qələbələr qazanmaq yox, daha böyük uğurlara imza atmaqdır. "Biz İngiltərədə və Almaniyada olduğu kimi, düzgün məşq strategiyasını işləyib hazırlamalıyıq. Müsbət nəticələr yeniyetmə futbolçuların inkişafına çox kömək edəcək. Azərbaycan yığması artıq bir dəfə Portuqaliya ilə oyunda belə müsbət nəticə qazanıb. Niyə Almaniya ilə oyunlarda da belə olmasın?", almaniyalı məşqçi əlavə edib.

Azərbaycan yığma komandası 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Almaniya, Rusiya, Finlandiya, Uels və Lixtenşteyn komandaları ilə qarşılaşacaq.

Foqts futbolçu kimi Almaniya yığması ilə 1974-cü ildə keçirilən dünya çempionatının qalibi olub. Onun Azərbaycan yığması ilə müqaviləsi 2010-cu ilin yayınadək nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti