...

Azərbaycanın futbol klubları AFFA-nın təklifini araşdırır

Cəmiyyət Materials 25 Aprel 2008 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasında iştirak edən bəzi klublar adlarının dəyişdirilməsi təklifinə etiraz edir. Bu barədə cümə günü Trend a AFFA prezidenti Rövnəq Abdullayevin futbol veteranları ilə görüşündə adlarını dəyişməyi təklif etdiyi klubların nümayəndələri deyib.

Abdullayev azarkeş problemini həll etmək üçün "Bakı"ya "Lokomotiv-Biləcəri", "Olimpik"ə "Şüvəlan", "İnter"ə "İnter-Keşlə", "Standard"a "Bayıl-Standard" adlarını götürməyi təklif edib.

"Bakı" klubunun baş meneceri Zeynal Məmmədov cümə günü Trend a bildirib ki, klub rəhbərliyi AFFA prezidentinin adı dəyişməklə bağlı təklifini müsbət cavablandırmayacaq. "Bakı"nın adını dəyişməyə ehtiyac yoxdur. Klubumuzun adı "İnter", ya da "Olimpik" olsaydı, adımızı dəyişərdik" - deyə Məmmədov əlavə edib.

"Bakı" klubu əvvəllər Azərbaycan çempionatında "Dinamo" adı altında mübarizə aparıb.

"Olimpik" klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun bildirdiyinə görə, klubun adının dəyişilməsi məsələsi növbəti mövsümün başlanğıcında müzakirə olunacaq. "AFFA prezidenti klubların adlarını bu mövsüm yox, qarşıdakı çempionat üçün dəyişməyi təklif edib. "Olimpik" klubunun yeni stadionu Şüvəlanda tikilir. Qarşıdakı mövsümün başlanğıcında klubumuzun rəhbərliyi ad dəyişmə məsələsini müzakirə edib qərarını açıqlayacaq" - deyə Yusifov bildirib.

"Olimpik" Azərbaycan çempionatının birinci dəstəsində AMMK adı altında çıxış edib.

"Standard" klubunun vitse-prezidenti Rəzzaq Babayev də adın dəyişilməsi məsələsinə Premyer-Liqanın hazırkı mövsümü başa çatandan sonra baxacaqlarını bildirib. "Bu məsələ hələ rəhbərlik səviyyəsində müzakirə olunmayıb. Çempionat başa çatandan sonra adımızı dəyişib-dəyişməyəcəyimiz haqda qərarımızı açıqlayacağıq", Babayev əlavə edib.

"Standard" əvvəllər Azərbaycan çempionatında "Arsenal", "İnter" "Xəzər-Universiteti" adı ilə çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti