...

Qanunvericiliyə edilən dəyişikliyə görə, əcnəbilər Azərbaycanda kütləvi informasiya vasitələrində redaktor vəzifəsində işləyə bilməzlər

Cəmiyyət Materials 6 Mart 2009 18:26 (UTC +04:00)
Qanunvericiliyə edilən dəyişikliyə görə, əcnəbilər Azərbaycanda kütləvi informasiya vasitələrində redaktor vəzifəsində işləyə bilməzlər

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir C.Babayeva / Azərbaycan qanunvericiliyinə edilən dəyişikliyə görə, əcnəbilər və ali təhsili olmayan şəxslər kütləvi informasiya vasitələrində (KİV) redaktor vəzifəsində işləyə bilməzlər.

Trend -un məlumatına görə, Milli Məclisin (Parlament) cümə günü keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında" Qanunun 19-cu maddəsinə əlavə və dəyişikliklər qəbul edilib.

Əlavə və dəyişikliklərə əsasən, əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru vəzifəsinə təyin edildikdə, dövri mətbu nəşrlərin pulsuz məcburi nüsxələri tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən on gün müddətində müvafiq qurumlara göndərilmədikdə kütləvi informasiya vasitəsinin istehsalı və yayımı təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.

Həmçinin söz azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə, mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır. 

Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, millət vəkili Nizami Cəfərov bildirib ki, dünya təcrübəsində mətbuat sahəsi strateji sahə kimi həmişə yalnız dövlətin deyil, millətin də nəzarəti altında olmalıdır. "Təcrübədə görmüşük ki, redaktor və ya baş redaktorun əcnəbi olması problemlər yaradıb. Azərbaycanın indiki ictimai-siyasi vəziyyətini nəzərə alaraq mətbuata nəzarət güclü olmalıdır. Dəyişikliklər mətbuat azadlığına, Azərbaycan mətbuatının dünya mətbuatına inteqrasiyasına mane olmur. Regionda gedən prosesləri nəzərə alaraq mətbuat sahəsində bir qədər ehtiyatlı olmağa məcbur edir", - Cəfərov deyib.

Cəfərov hesab edir ki, mətbu orqanın baş redaktor və redaktoru professional təhsilli olmalıdır. "Təcrübə göstərir ki, reket qəzetlər və sarı mətbuat orqanlarına əsasən ali təhsili olmayanlar başçılıq edirlər. Redaktor və ya baş redaktor funksiyasını yerinə yetirənlərin bəzilərinin bir dənə də olsun məqaləsi çıxmır", - millət vəkili deyib.

Millət vəkili Aydın Mirzəzadə deyib ki, "Kütləvi informasiya vasitələri" haqqında Qanuna edilən dəyişikliklər vaxtında və düzgün olaraq edilib. "Dəyişikliklər kütləvi informasiya vasitələrinin daha müstəqil və effektli olmasına yönələcək", -  Mirzəzadə bildirib.

Qanunun 19-cu maddəsinin mövcud variantına əsasən, dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, habelə parnoqrafik materiallar dərc etdikdə (efirə verdikdə); KİV-in xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə kütləvi informasiya vasitəsinin istehsalı və yayımı təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.

KİV məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində üç dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti