...

Azərbaycanda dövlət qulluğu sahəsində islahatlara ehtiyac var - hesabat

Cəmiyyət Materials 18 May 2010 15:11 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin apardığı monitorinqin nəticələrini əks etdirən hesabatın təqdimatında təşkilatın sədri Rəna Səfərəliyeva məlumat verib.
Azərbaycanda dövlət qulluğu sahəsində islahatlara ehtiyac var - hesabat

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/

"Şəffaflıq Azərbaycan" təşkilatı hesab edir ki, Azərbaycanda dövlət qulluqçularının işə qəbul və işdə yüksəlməsini tənzimləyən qaydaların tətbiqinə, dövlət qulluqçularının işində şəffaflığı və hesabatlılığı təmin etmək, onları siyasi müdaxilələrdən qorumaq üçün bu sahədə əsaslı islahatların həyata keçirilməsinə ciddi ehtiyac var.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin apardığı monitorinqin nəticələrini əks etdirən hesabatın təqdimatında təşkilatın sədri Rəna Səfərəliyeva məlumat verib.

Hesabatda qeyd olunub ki, dövlət qulluğu sahəsində mövcud mexanizmlərin daha da təkmilləşdirilməsinə ehtiyac duyulur.

Həmçinin dövlət qulluqçularının pesakarlığının daha da artırılması və məvaciblərin yüksəldilməsi tövsiyə olunur.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, komissiyanın müsabiqələri qapalı keçirməsi ilə bağlı İctimai Birliyin iradları obyektiv deyil.

"Müsabiqələr açıq keçirilir və müsabiqələrdə qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Həmçinin hər bir namizədlə apardığımız müsahibələrin videoçəkilişi aparılır", - komissiya sədri vurğulayıb.

Xəlilov deyib ki, dövlət qulluqçularının təlimlərə cəlb edilməsi ilə bağlı müvafiq işlər görülür. Belə ki, dövlət orqanları arasında dövlət qulluqçularının hansı təlimlərə ehtiyacı olmasını müəyyənləşdirmək məqsədilə sorğu aparılıb. Bu sorğu əsasında dövlət sifarişi hazırlanıb.

O qeyd edib ki, sifariş Nazirlər Kabinetinə təqdim olunub. Təsdiq olunandan sonra təlimlərə başlanılacaq.

Komissiya sədri ən çox problemin dövlət qulluqçularının etik davranışı ilə bağlı olduğunu bildirib.

Hesabatda dövlət qulluğu sahəsində əldə olunan uğurlara da toxunulub. Qeyd olunub ki, 5 il bundan öncə yaradılan komissiyanın qəbul prosesində xeyli irəliləyişlər qeydə alınıb. Dövlət qulluğunda boş olan iş yerləri ilə bağlı elanlar onlayn şəkildə internet səhifəsində və ya kütləvi informasiya vasitələrində yerləşdirilir. İmtahan prosesində geniş şəkildə test üsulundan və müsahibələrdən istifadə olunur, imtahanı müvəffəqiyyətlə keçən alternativ namizədlərin məlumat bazası saxlanılır. Bütün bu islahatlarla yanaşı, dövlət qulluqçularına professional treninqlərin sayı da artırılıb.

İctimai Birlik 2006-cı ildə qəbul edilmiş Azərbaycanın Avropa Qonsuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində götürdüyü öhdəliklərin həyata keçirilməsinin monitorinqinin nəticələrini özündə əks etdirən hesabatı hazırlayıb.

Xəbər lenti

Xəbər lenti