...

2 aprel məhbuslarının məhkəməsi davam edib

Cəmiyyət Materials 5 Sentyabr 2011 19:41 (UTC +04:00)
Bakının Səbail rayon məhkəməsində Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.
2 aprel məhbuslarının məhkəməsi davam edib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Bakının Səbail rayon məhkəməsində Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Qəhrəmanlı sərbəst ifadə verib və dövlət ittihamçısının suallarını cavablandırarkən bu il aprelin 2-də "Fəvvarələr" meydanında aksiyanın keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına rəsmi yazılı xəbərdarlığın göndərilmədiyini deyib. Özünü "İctimai Palata" adlı qurumun mitinq komitəsinin üzvü kimi təqdim edərək "Fəvvarələr" meydanında razılaşdırılmamış aksiya keçirəcəkləri barədə aksiyadan əvvəl dediklərini təsdiq edib.

Abbaslı ittihamın mahiyyətinin ona aydın olmadığını bildirərək ətraflı ifadə verməyib, ittihamın ona elan edilməsi barədə vəsatət verib.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən deyib ki, Abbaslının ibtidai istintaq zamanı təqsirləndirilən şəxs kimi dindirmə protokolu elan olunub. Aydın olub ki, ittihamın mahiyyəti istintaq zamanı da ona elan olunub və o, müdafiəçisinin iştirakı ilə sərbəst ifadə verib.

Digər təqsirləndirilən şəxs Məcidli səhhəti ilə bağlı növbəti iclaslarda ifadə verəcəyini bildirdiyindən, zərərçəkmiş polis əməkdaşı Əliyev Mais Qulu oğlunun dindirilməsi ilə iclas davam etdirilib.

Əliyev ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək qanunsuz aksiyanın qarşısını alarkən ona xəsarət yetirildiyini və həmin hərəkətlərin təşkilatçılarının təqsiri bilindikləri halda qanun çərçivəsində cəzalandırılmalarını tələb edib.

Təqsirləndirilən şəxs Məcidlinin vəkilləri iclası tərk etdiklərindən fasilə elan olunub.

Onlar fasilədən sonra qayıtmadıqlarından proses sentyabrın 7-dək təxirə salınıb.

Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmədə (233) maddəsi ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti