...

Yazıçı, türkoloq-alim Yunus Oğuz Yevlax ictimaiyyəti ilə görüşüb

Cəmiyyət Materials 7 İyun 2012 20:18 (UTC +04:00)
Dünən Yevlaxda tanınmış yazıçı, türkoloq-alim Yunus Oguzla görüş keçirilib.
Yazıçı, türkoloq-alim Yunus Oğuz Yevlax ictimaiyyəti ilə görüşüb

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Dünən Yevlaxda tanınmış yazıçı, türkoloq-alim Yunus Oguzla görüş keçirilib.

Trend-in məlumatına görə, tədbirdə şəhərin icra başçısı Qoca Səmədov, ictimai-siyasi xadimləri, tanınmış ziyalıları və ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan, Yevlaxda işıq üzü görən "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı bildirib ki, görüş yevlaxlılar üçün çox əhəmiyyətlidir, görüşün keçirilməsi əhali üçün böyük bir sevincdir. Baş redaktor bildirib ki, yevlaxlılar Yunus Oğuz yaradıcılığını daim izləyir, onun kitablarını sevə-sevə oxuyurlar. Əminə Yusifqızı Yunus Oğuza bundan sonrakı yaradıcılığında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov da Yunus Oğuz yaradıcılığından söhbət açıb. Bildirib ki, yazıçı öz əsərlərində, tarixi romanlarında xalqa həqiqətləri çatdırıb, türkçülüyü təbliğ edib və bu, gənclərin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. İcra başçısı bu cür görüşlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, bu, öz-özlüyündə gənc nəslin kitaba marağının artmasına xidmət edir.

Tədbirdə yazıçı-publisist Yunus Oğuz da çıxış edib. Yazıçı yevlaxlılarla görüşdən məmnun olduğunu bildirib. Qeyd edib ki, o, daim tarixi roman və əsərlərində mütəmadi olaraq Yevlax bölgəsini, daha doğrusu, Ərəş mahalını xüsusi vurğulayıb, "Nadir Şah" və "Əmir Teymur" kimi romanlarda Ərəş mahalının adını qeyd edib. Yunus Oğuz çıxışında bildirib ki, uzun illər sovet hakimiyyəti dövründə Azərbaycan tarixi xalqa saxta şəkildə çatdırılıb, tarix saxtalaşdırılıb, Türk imperatorları Azərbaycanın qəhrəmanları, sərkərdələri qaniçən və qəddar kimi təqdim olunub. Yazıçı elə bu səbəbdən də tarixi romanlara üstünlük verdiyini və millətə öz qəhrəmanlarını tanıtdırmaq istədiyini bildirib.

Tədbirdə çıxış edən yazıçı Elçin Hüseynbəyli də Yunus Oğuz yaradıcılığından bəhs edib və onun türk tarixinə xüsusi önəm verən yazıçılardan olduğunu bildirib. O, Yunus Oğuz əsərlərində türkçülüyün geniş təbliğ olunduğunu, gənc nəslə türk milli ruhunun, turançılığın çatdırıldığını vurğulayıb.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev də çıxışlarında Yunus Oğuz yaradıcılığından danışıb, tarixi romanlarından söhbət açıblar. Bildiriblər ki, Yunus Oğuz qələmə aldığı bütün tarixi romanlarında Azərbaycan xalqına bütün qəhrəmanlarını olduğu kimi çatdırıb, indiyə qədər qaniçən cəllad kimi təqdim olunan xalq qəhrəmanları bu romanlarda əsl layiqli qiymətini alıb.

Tədbir Yevlax şəhər orta məktəb şagirdlərinin ifaları və "Əmir Teymur" romanından səhnəciklərlə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti