...

Bakının Nizami rayonunun və Sumqayıt şəhərinin Polis idarələrinin yeni inzibati binalarının açılışı olub

Cəmiyyət Materials 30 İyun 2012 16:49 (UTC +04:00)
Azərbaycan Polisinin peşə bayramı münasibətilə paytaxtın Nizami Rayon və Sumqayıt Şəhər Polis idarələrinin yeni inzibati binalarının açılışı olmuşdur.
Bakının Nizami rayonunun və Sumqayıt şəhərinin Polis idarələrinin yeni inzibati binalarının açılışı olub

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycan Polisinin peşə bayramı münasibətilə paytaxtın Nizami Rayon və Sumqayıt Şəhər Polis idarələrinin yeni inzibati binalarının açılışı olmuşdur. Hər iki tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə daxili işlər naziri Nizami RPİ-nin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi, polis polkovniki Qasım Əlıyev yeni binanın inşası və texnuki parametrləri barədə ətraflı məlumat verərək demişdir ki, tikintisinə ötən ilin aprelində başlanmış beşmərtəbəli inzibati binanın ümumi sahəsi 3400 kvadratmetrə yaxındır. Ən müasir standartlara uyğun tikilmiş bina bütün zəruri avadanlıq, inventar və kommunikasyalarla təmin edilmişdir. Burada Növbətçi hissə, 67 xidməti otaq, Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi, akt zalı, yeməkxana və digər xidməti otaqlar yaradılmışdır.

Qeyd olunmuşdur ki, 28 yerlik Müvəqqəti Saxlama Təcridxanası xüsusi təyinatlı mebel və inventarlarla təchiz olunmuşdur. Binada mərkəzləşdirilmiş split tipli kondisioner, ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və digər mühəndis qurğular tikilmişdir.

Nazir Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına, Müvəqqəti Saxlama Təcridxanasına və digər yardımçı sahələrə baxmış, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlə tanış olmuşdur.

Daha sonra nazir yeni inzibati binanın akt zalında şəxsi heyətlə görüşmüş, onları əlamətdar hadisələr münasibətilə təbrik etmiş, tövsiyyə və tapşırıqlarını vermişdir.

Daxili işlər naziri ölkə Prezidentinin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində gedən böyük quruculuq və abadlıq işləri, regionların inkişafı proqramlarının uğurlu icrası, iqtisadi qüdrətimizin ilbəil artması ilə bərabər dövlət qurumlarının, o cümlədən daxili işlər orqanlarının maddi-texniki təminatının möhkəmləndirilməsi, şəxsi heyətin sosial rifahının daha da yaxşılaşdırılması üçün dövlətimizin başçısı tərəfindən zəruri addımların atıldığını xatırlatmış, yeni inzibati binanın açılışının bunun bariz nümunəsi olduğunu bildirmişdir. O, polis əməkdaşlarının bu yüksək diqqət və qayğıya əməli fəaliyyətləri ilə cavab vermələrinin, qanunvericiliklə üzərlərinə qoyulmuş məsul vəzifələrin layiqincə yerınə yetirilməsinin vacibliyini qeyd etmişdir.
Daha sonra daxili işlər naziri Sumqayıt Şəhər Polis İdarəsinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Məlumat verilmişdir ki, gənclik şəhərininin ümumi görünüşünə gözəllik verən, müasir memarlıq və arxitekturanın qabaqcıl elementlərini özündə birləşdirən, yüksək zövqlə və dizaynla inşa edilmiş obyektin tikintisi 14 aya tamamlanmışdır.

General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxmış, foyedə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə tanış olmuşdur.

Görülən işləri yüksək qiymətləndirən nazir Sumqayıt ŞPİ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu ifadə etmişdir.

Daha sonra Usubov Sumqayıt ŞPİ-nin əməkdaşları ilə görüşərək cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahəsində şəxsi heyətin qarşısında duran vəzifələrdən danışmış, konkret tapşırıq və tövsiyyələrini vermişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğı nəticəsində təkcə ötən il onlarla yeni infrastruktur obyekt tikilib istismara verilmiş, lazımi texniki vasitələr və avadanlıqlar alınmışdır. Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, indiyədək Sumqayıt şəhərinin müxtəlif küçə və prospektlərində, mərkəzi park və xiyabanlarda "Təhlükəsiz şəhər" sisteminin 85 kamerası quraşdırılmışdır. Dövlət başçımızın elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, DİO-nun zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirdiyi, məhz belə yüksək diqqət sayəsində bu gün Daxili İşlər Nazirliyinin ən müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğu vurğulanmışdır. Bütün bunlar ölkəmizdə gedən ümumi inkişaf proseslərinin nəticəsi olaraq, şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərmiş, onları xidməti vəzifə borcunun icrasına ruhlandırmışdır.

O, göstərilən diqqət və qayğıya cavab olaraq hər bir əməkdaşdan vətəndaşların ərizə və şikayətlərinə, müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasını, cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsinə səy göstərilməsini tələb etmiş və əmin olduğunu bildirmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyəti göstərilən yüksək diqqət və qayğıya, respublikanızın bu böyük sənaye şəhərində sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz nümunəvi xidməti ilə cavab verəcəkdir.

Xəbər lenti

Xəbər lenti