...

Azərbaycanda məişət zorakılığına məruz qalanlar haqqında məlumat toplanır

Cəmiyyət Materials 30 Avqust 2012 16:05 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı ilə bağlı məlumat bankının yaradılması məqsədilə məlumat toplayır.
Azərbaycanda məişət zorakılığına məruz qalanlar haqqında məlumat toplanır

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı ilə bağlı məlumat bankının yaradılması məqsədilə məlumat toplayır.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, artıq Daxili İşər Nazirliyi məişət zorakılığı halları ilə bağlı məlumatları Komitəyə təqdim edib.

Həmin məlumatların elektron formaya salınması üçün müvafiq iş aparılır.

Komitədən bildirilib ki, dövlət orqanları və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzləri məişət zorakılığı halları ilə bağlı məlumatları Komitəyə təqdim etməlidirlər. Məişət zorakılığının qurbanları üçün hələlik sığınacaq mərkəzləri açılmadığı üçün onlardan məlumatlar almaq mümkün deyil. Həmçinin, məhkəmələr və yerli icra hakimiyyəti orqanları da məişət zorakılığı halları ilə bağlı məlumatları komitəyə təqdim etməyib.

Bildirilib ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qüvvəyə minəndən sonra baş vermiş zorakılıq, onların qurbanları haqqında məlumatlar bankda toplanacaq.

Qeyd edək ki, Azərbaycan hökuməti "Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları"nı təsdiq edib. Qaydalara əsasən, məlumat bankı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılır və aparılır.

Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, bu hallarla bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər barədə məlumatlar və məhkəmə qərarları toplanacaq.

Burada, həmçinin valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri və onların fəaliyyəti barədə məlumatlar toplanacaq.

Məişət zorakılığı ilə bağlı məlumat bankında toplanmış məlumatların konfidensiallığı Komitə tərəfindən təmin edilir.

Məişət zorakılığı ilə bağlı statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır.

Xəbər lenti

Xəbər lenti