...

AMEA-nın Şərqşünaslıq İnstitutu İtaliya universiteti ilə müqavilə imzalayıb

Cəmiyyət Materials 6 Fevral 2013 15:26 (UTC +04:00)
AMEA-nın Şərqşünaslıq İnstitutu və İtaliyanın Neapol Şərq Universiteti arasında qarşılıqlı anlaşma haqqında müqavilə imzalanıb.
AMEA-nın Şərqşünaslıq İnstitutu İtaliya universiteti ilə müqavilə imzalayıb

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

AMEA-nın Şərqşünaslıq İnstitutu və İtaliyanın Neapol Şərq Universiteti arasında qarşılıqlı anlaşma haqqında müqavilə imzalanıb.

İnstitutun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Neapol Şərq Universitetinin prorektoru, professor Cüzeppe Kataldi və həmin universitetin professoru Mikele Bernardini fevralın 6-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

İtaliyalı alimlər Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşüblər. Şərqşünaslıq İnstitutunda ilk vaxtlardan ənənəvi istiqamətlər - ərəbşünaslıq, iranşünaslıq və türkologiya istiqamətində araşdırmalar aparıldığını deyən Baxşəliyeva, son zamanlar Mərkəzi Asiya və Uzaq Şərq regionlarının da institutda tədqiqatlar dairəsinə daxil olduğunu və bu istiqamətdə ayrıca bir şöbənin fəaliyyət göstərdiyini bildirib. O, ümumiyyətlə, İtaliya və Azərbaycan arasında tarixi əlaqələrdən də söz açıb, xüsusən də Səfəvilər dövründə Azərbaycanın İtaliyada səfirlərinin olmasını xatırladıb.

Cüzeppe Kataldi Şərqşünaslıq İnstitutunda keçirilən bu görüşdən məmnunluğunu bildirib və təmsil etdiyi universitet haqqında məlumat verib. Kataldi bildirib ki, 300 yaşı olan Neapol Şərq Universiteti əvvəllər kollec kimi yaradılıb. Hazırda universitetdə humanitar elmlər sahəsində tədris və tədqiqatlar aparılır.

Kataldi Neapol Şərq Universitetinin AMEA akadеmik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə əlaqələrin qurulmasında maraqlı olduğunu söyləyib və bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyindən əminliyini bildirib. İtaliyalı mütəxəssis hər iki ölkə alimlərinin birgə layihələrinin keçirilməsi perspektivlərindən danışıb.

Daha sonra italiyalı mütəxəssislər AMEA Mərkəzi Elmi Kitabxanasının Şərq fondu, kitabxananın əsas qiraət zalı, AMEA-nın konfrans zalı, Şərqşünaslıq İnstitutunun kitabxanası ilə tanış olublar. Sonra onlar Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Cüzeppe Kataldi və Mikele Bernardini azərbaycanlı alimlərə Neapol Şərq Universitetində şərqşünaslıq sahəsində aparılan tədqiqatlardan danışıblar. Eyni zamanda Şərqşünaslıq İnstitutunun alimləri italiyalı qonaqlara öz elmi fəaliyyətləri haqqında məlumat veriblər.

Görüşün sonunda AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Neapol Şərq Universiteti arasında qarşılıqlı anlaşma haqqında müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfindən Gövhər Baxşəliyeva, İtaliya tərəfindən Cüzeppe Kataldi imzalayıblar. Müqavilədə müəssisələrin tədqiqatçı, aspirant və tələbələrinin mübadiləsinə yardım göstərilməsi, əməkdaşların elmi ixtisasının artırılması sahəsində qarşılıqlı yardım, qabaqcıl metodlar sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraqlar əsasında birgə layihə və proqramların icrasına dəstək verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti