...

Kamran İmanov: Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur

Cəmiyyət Materials 26 Aprel 2014 14:04 (UTC +04:00)
Son illərin hesabatlarına (2010-2011, 2011-2012, 2012-2013, 2013-2014) əsasən, Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Agentlik tərəfindən təşkil olunan "Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu" mövzusunda konfransda çıxışı zamanı deyib.
Kamran İmanov: Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

Son illərin hesabatlarına (2010-2011, 2011-2012, 2012-2013, 2013-2014) əsasən, Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Agentlik tərəfindən təşkil olunan "Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu" mövzusunda konfransda çıxışı zamanı deyib.

K.İmanov qeyd edib ki, Dünya İqtisadi Forumunun rəqabət qabiliyyətliliyi ilə bağlı müvafiq hesabatlarında əqli mülkiyyətlə bağlı Azərbaycan institutları MDB məkanında 2013-2014-cü illərdə lider mövqeyindədir: "Cənab Prezident İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində dünya əqli mülkiyyət ictimaiyyəti Azərbaycanın bu sahədəki uğurlarını tanıyır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının sentyabr ayındakı son Baş Assambleyasında rəhbər orqanlara seçkilər zamanı Azərbaycan Respublikası ÜƏMT-nin "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasına qoşulmuş ölkələrin Bern İttifaqının İcraçı Komitəsinə üzv seçilib. Bununla da ölkəmiz ÜƏMT-nin fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik olan Əlaqələndirmə (Koordinasiya) Komitəsinin üzvü olub. Baş Assambleyada Azərbaycan daha bir komitənin - ÜƏMT-nin Proqram və Büdcə Komitəsinin üzvü seçilib".

Agentlik sədri bildirib ki, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin nümayəndəsi iki il müddətinə rəqəmli hüquqlarla bağlı olan, ÜƏMT-nin 100-ə yaxın dövlətin təmsil olunduğu Müəllif Hüququna dair Müqavilənin Assambleyasının sədri seçilib: "O ki qaldı Müəllif Hüquqları Agentliyinin praktiki fəaliyyəti ilə bağlı konkret işlərə, qeyd etməliyəm ki, dövlət başçısının göstərdiyi qayğı və dəstək sayəsində son illər analoqu olmayan "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun qəbul edilib, Azərbaycan 2006-cı ildə ABŞ hökumətinin müəllif hüquqlarını pozan ölkələr siyahısından çıxarılıb, ÜƏMT-nin Akademiyası tərkibində "Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi" fəaliyyətə başlayıb, rəqəmli hüquqların idarə edilməsi sistemi və elektron xidmətlər yaradılıb, əqli mülkiyyət sahəsinin müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafına aid Uzunmüddətli Milli Strategiya hazırlanıb, Aİ ilə Tvinninq layihəsi həyata keçirilib, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəlliflik hüququ və əqli mülkiyyət hüquqları bütövlükdə prioritet istiqamət kimi qəbul edilib".

K.İmanov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində son 10 ildə ölkəmizin ÜDM-də kreativ sənayenin payı 2 dəfədən çox artaraq 4,5%-ə yüksəlib, piratçılığın səviyyəsi müxtəlif seqmentlər üzrə 9-28% aşağı düşüb, kadrların peşəkarlığı artırılaraq 40-a qədər mütəxəssis bu və ya digər formada ixtisasını gücləndirib.

Onun sözlərinə görə, hazırda Müəllif Hüquqları Agentliyi tam kompüterləşmiş, müasir texnologiyalara əsaslanan avadanlıqla və mətbəə ilə təchiz edilmiş "960" qaynar xəttinə, ictimai hüquqi məsləhətxanaya, Smart-tipli treninq Xidmətinə, Hüquqların Təminatı Mərkəzinə, Rəqəmli Hüquqların İdarəçilik Sisteminə malik olan, E-hökumət portalına qoşulan, müəllif hüququ, digər oxşar hüquqlar və qeyri-maddi mədəni irsin qorunması sahəsində dövlət siyasətini həyata keçirən orqandır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2014-cü il "Sənaye ili" elan edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə keçirilən bu konfrans da "Sənaye ili"nə həsr olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti