...

Bakı Şəhər Halqası beynəlxalq sərgidə iştirak edəcək

Cəmiyyət Materials 29 Noyabr 2016 14:35 (UTC +04:00)
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları - Bakutel sərgisində iştirak edəcək.
Bakı Şəhər Halqası beynəlxalq sərgidə iştirak edəcək

Bakı. Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 29 noyabr-2 dekabr 2016-cı il tarixlərində Bakı şəhərində sayca 22-ci dəfə keçirilən və 18 ölkədən 200-ə yaxın şirkətin qatıldığı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları-Bakutel sərgisində iştirak edəcək.

Bu barədə Trend-ə BŞH-dən məlumat verilib.

BŞH-nın stendində quraşdırılmış böyük ekranda bu yay Bakıda ilk dəfə baş tutmuş Formula 1 Avropa Qran Prisi yarışından unudulmaz anlar və Yarışa Nəzarət və Pit binalarının inşa prosesini göstərən videoçarxlar nümayiş olunacaq. Bununla yanaşı, Bakıda keçirilən Formula 1 Qran Prisinin könüllüləri yarış həvəskarlarını maraqlandıran bütün sualları ətraflı cavablandıracaq.

BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarış həvəskarlarını “Bakutel” sərgisində əməliyyat şirkətinin açdığı stendi ziyarət etməyə dəvət edir:

“Biz bu ilin yayında ölkəmizdə ilk dəfə olaraq Formula 1 yarışına ev sahibliyi etdik və mövsümü uğurla başa vurduq. Birinci ilin uğuru onu göstərdi ki, Formula 1 və Bakı bir-birinə çox gözəl yaraşır. İnanırıq ki, hər ötən il biz daha gözəl və əyləncəli tədbirlərlə dolu yarış həftəsonu ilə qarşınıza çıxacağıq. Tezliklə, dekabrın 1-də bilet satışına start veririk və ilk iki ay ərzində bütün biletlərdə 30 %-dək endirimlər təklif olunacaq. Nəzərinizə çatdırım ki, bir də belə endirim fürsəti olmayacaq. Odur ki, hamınızı indidən bu fürsəti əldən verməməyə və eyni zamanda, stendimizi ziyarət edərək Bakı Şəhər Halqasının uğurlu fəaliyyəti ilə yaxından tanış olmağa dəvət edirəm.”

Qeyd edək ki, BŞH-nın stendi “Bakutel” sərgisinin açıq olduğu bütün gün və saatlarda fəaliyyət göstərəcək:

29 noyabr 11:00 - 18:00
30 noyabr 10:00 - 18:00
1 dekabr 10:00 - 18:00
2 dekabr 10:00 - 16:00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti