...

AzMİU-da Zəfər Gününə həsr olunmuş elmi-praktik konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2022 21:04 (UTC +04:00)
AzMİU-da Zəfər Gününə həsr olunmuş elmi-praktik konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Zəfər Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Elmi-praktiki konfransda respublikanın ali təhsil müəssisələri, elmi təşkilatları və aidiyyatı qurumların nümayəndələri iştirak ediblər.

Konfransın plenar iclasında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək qarşıdan gələn Zəfər Günü ilə bağlı konfrans iştirakçılarını təbrik edib. Rektor Vətən müharibəsində qazanılan qələbənin, Zəfərin əhəmiyyətinə diqqət çəkib və işğaldan azad olunan ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərindən, bu istiqamətdə kadr hazırlığından danışıb. Professor Gülçöhrə Məmmədova bildirib ki, memarlıq, şəhərsalma, inşaat mühəndisliyi və əlaqədar istiqamətlər üzrə AzMİU-da bugünədək 50 mindən çox yüksək ixtisaslı mühəndis kadr yetişdirilib. Kadr hazırlığının bundan sonra da yüksək şəkildə davam etdiriləcəyini vurğulayan rektor AzMİU-nun əsas missiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbəni ali təhsil sahəsində və elmi sferada davam etdirmək olduğunu deyib.

Millət vəkili Musa Quliyev isə çıxış edərək Zəfər gününün siyasi-ictimai əhəmiyyətinə diqqət çəkib. Millət vəkili qeyd edib ki, 44 günlük müharibədə əldə olunan qələbə ab-havası geridə qoyduğumuz 2 ildə demək olar ki, bütün sahələrə siraət edib.

İqtisadi İslahatlar Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı isə "Postkonflikt quruculuğu modeli” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda regenerasiya və reinteqrasiya dövrünü yaşayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında postkonflikt quruculuğunun əsas istiqamətləri müəyyənləşdirilib və bu istiqamətlərdə fəaliyyət planına uyğun olaraq iş aparılır. İcraçı direktor qeyd edib ki, 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın qeyri-neft sektorunun 5-10 faizi həddində iqtisadiyyata malik ola bilər. Vüsal Qasımlı vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyatın geri qayıtması Dördüncü Sənaye İnqilabı və Davamlı İnkişaf Məqsədlərinə çatmaqla yanaşı, bölgəni SMART regiona çevirməyi də hədəfləyir.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov "İşğaldan azad olunmuş ərazilərdə planlaşdırma işləri" mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda işğaldan azad edilmiş ərazilərdə layihələndirmə işlərinin təşkili mərhələləri və hazırki vəziyyəti əks olunub. İlqar İsbatov planlaşdırma yanaşmaları haqqında məlumat verib, həmçinin məskunlaşma ərazilərinin müəyyən olunması prinsiplərindən danışıb. Komitə rəsmisi çıxışında icra edilmiş Ümumi plan, şəhərlərin Baş planları, müfəssəl planlar, ayrı-ayrı məhəllələrin tikinti layihələri, nəqliyyat və mühəndis-kommunikasiyalrı infrastrukturunun inkişafı haqqında da məlumat verib. Mütərəqqi texnologiyaların, ağıllı həllərin, yaşıl zonaların tətbiqi üzrə araşdırmalar və fəaliyyətlər sadalanıb, planlaşdırma işləri üzrə qarşıda dayanan vəzifələr konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti