Bakı. Trend:
Soyuq havalarda uşaqlarda oynaq ağrıları bir neçə səbəbdən yaranır. Bu ağrılar bəzən sadə bəzən isə daha ciddi bir vəziyyətin əlaməti ola bilər.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş həkimi Nizami Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, soyuq hava əzələlərin və oynaqların sıxılmasına və bu da uşaqlarda diskomfort və ağrıya səbəb ola bilər:
“Havanın temperaturunun azalması qan dövranının zəifləməsinə səbəb olur, əzələ və oynaqlarda sərtlik və ağrıların yaranması hissi yaradır. Xüsusilə 3-12 yaş arası uşaqlarda sürətli böyümə dövrlərində oynaq və əzələ ağrıları müşahidə edilir. Virus və ya bakterial infeksiyalar (məsələn, qrip, soyuqdəymə və ya angina) zamanı immun sistemi bu infeksiyalarla mübarizə apararkən iltihabı reaksiyalar yaranır ki, bu da oynaqlarda ağrılarla nəticələnir”.
N.Məmmədov qeyd edib ki, revmatik qızdırma, juvenil revmatoid artrit kimi autoimmun xəstəliklər soyuq havalarda özünü daha çox büruzə verir:
“Belə hallarda ağrılarla yanaşı, oynaqlarda şişlik, hərəkət məhdudiyyəti və ya temperatur da müşahidə edilir. Soyuq havalarda uşaqlar daha az hərəkət edir. Bu da əzələ sərtliyinə və oynaq ağrılarına səbəb olur. Fiziki aktivlik azaldıqda əzələ və oynaqlar yetərincə işləmədiyi üçün diskomfort yaranma ehtimalı artır. Bu zaman valideynlərə belə bir tövsiyə verə bilərik ki, uşağı isti geyinmək, xüsusən də oynaq bölgələrini (dizlər, dirsəklər) soyuqdan qorumaq. Müntəzəm yüngül fiziki fəaliyyət uşağın əzələ və oynaqlarını hərəkətdə saxlayır. D vitamini və digər vitaminlərə diqqət yetirmək vacibdir. Ağrılar davam edərsə və ya şişlik, hərəkət məhdudiyyəti kimi simptomlar müşahidə olunarsa, mütləq pediatr və ya uşaq revmatoloquna müraciət etsinlər. Bu səbəblər müvəqqəti olsa da, bəzi hallarda ciddi bir xəstəliyin əlaməti ola bilər. Belə hallarda erkən diaqnoz və müalicə çox vacibdir”.