...

Azərbaycanın hava məkanı: beynəlxalq aviasiyada mühüm rol və modernləşdirmənin yeni mərhələsi

Cəmiyyət Materials 18 Dekabr 2024 11:13 (UTC +04:00)
Azərbaycanın hava məkanı: beynəlxalq aviasiyada mühüm rol və modernləşdirmənin yeni mərhələsi

Bakı. Trend:

Azərbaycan beynəlxalq aviasiyanın əsas tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirməkdə davam edir. Ölkənin strateji yerləşməsi və qabaqcıl aeronaviqasiya xidməti Azərbaycanın hava məkanını Avrasiya regionunda ən tələb olunan məkanlardan birinə çevirir.

2014-cü ildən etibarən ölkənin hava məkanı üzərindən tranzit daşımaların həcmi 350% artıb. Gündəlik olaraq Azərbaycanın hava məkanından 900-ə yaxın təyyarə keçir ki, onların yarısından çoxu dünyanın aparıcı aviaşirkətlərinin tranzit uçuşlarıdır. EUROCONTROL-un proqnozlarına görə, 2030-cu ilədək orta gündəlik trafik axını 1032-yə, pik günlərdə isə 1300-ə çata bilər.

Hava hərəkətinin təhlükəsizliyini və səmərəliliyini təmin etməkdə əsas rolu “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi oynayır. İstifadə edilən AIRCON 2100 hava hərəkətinə nəzarət sistemi, aeronaviqasiya texnologiyaları sahəsində dünya lideri olan INDRA şirkəti tərəfindən hazırlanmışdır və həm milli, həm də beynəlxalq aeronaviqasiya xidmətlərinin sabit işləməsini təmin edir.

Bununla belə, hava hərəkətinin intensivliyinin artması daha müasir həllərin tətbiqini tələb edir. Uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində, 17 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC və INDRA şirkəti arasında hava hərəkətinə nəzarətin ən müasir sisteminə - MANAGAIR-ə keçidi nəzərdə tutan müqavilə imzalanıb.

Yenilənmiş MANAGAIR sistemi yalnız uçuşların təhlükəsizliyini və səmərəliliyini artırmayacaq, həm də aviasiyanın ətraf mühitə təsirinin azaldılmasına töhfə verəcəkdir. Sistem, Avropa ATM Master Planında nəzərdə tutulmuş müasir standartlara uyğundur və aşağıdakı xüsusiyyətləri özündə birləşdirir:

  • Uçuş vaxtının qısaldılması və karbon qazı emissiyalarının azaldılması məqsədilə marşrutların optimallaşdırılması;
  • Hava hərəkətində konfliktlərin avtomatik aşkarlanması və qarşısının alınması;
  • Qərarların qəbuluna dəstək və müəyyən edilmiş standartlara uyğunluğun monitorinqi;
  • Səsli rabitə və mesajların ötürülmə protokollarının modernləşdirilməsi;
  • Aerodromlar üçün meteoroloji məlumat mübadiləsinin təkmilləşdirilməsi;
  • Dəqiq naviqasiya məlumatlarına əsaslanan müasir eniş prosedurları.

“INDRA ilə əməkdaşlıq ən müasir texnologiyaların tətbiqinə imkan yaradır və bu texnologiyalar dünya standartlarına tam cavab verir. Bu addım Azərbaycanın beynəlxalq aeronaviqasiyada lider kimi inkişafında və ən yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsində əhəmiyyətli mərhələ olacaq,” – deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

Hava hərəkətinə nəzarət sisteminin modernləşdirilməsi yalnız texnoloji irəliləyiş deyil, həm də Azərbaycanın aviasiya sektorunun strateji inkişafı, onun Avrasiyada aparıcı aviasiya qovşağı statusunun möhkəmləndirilməsidir. Hava hərəkətinə nəzarət, müdafiə sistemləri və rəqəmsal transformasiya sahəsində qlobal lider olan INDRA dünyada təhlükəsiz və dayanıqlı aviasiya sektorunun yaradılmasında əsas rol oynamağa davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti