Bakı. Trend:
Almaniya Daxili İşlər Nazirliyinin rəsmi internet saytı DDoS hücumunun hədəfinə çevrilərək bir neçə saat ərzində fəaliyyətini dayandırıb.
Trend xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. Hadisə dekabrın 14-də Bakı vaxtı ilə 15:30-dan 17:30-dək baş verib.
Nazirliyin rəsmi nümayəndəsi problemin texniki nasazlıqdan qaynaqlandığını ilkin olaraq təsdiqləyib. Daha sonra Federal İnformasiya Texnologiyaları Mərkəzinin apardığı təhlil hücumun DDoS (Denial-of-Service Attack) xarakterli olduğunu göstərib.
Bu hücum nəticəsində nazirliyin saytı qısa müddət ərzində əlçatmaz olub. Hazırda vəziyyətin nəzarət altına alındığı bildirilib. Kiberhücumla bağlı əlavə araşdırmalar davam etdirilir.