...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 17 Dekabr 2024 11:03 (UTC +04:00)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib (FOTO) (ƏLAVƏ OLUNUB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Trend xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı çıxış edib.

O qeyd edib ki, vətəndaşlar artıq göndəriş aldığı təqdirdə istədiyi özəl xəstəxanaya müraciət edə bilər. ​İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib.

"179 özəl tibb müəssisəsi ilə müqavilə mövcuddur. Xidmətlərin sayı ötən il ilə müqayisədə 20% artaraq 76.8 milyon olub. Bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə olan inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.

​Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı da artırılaraq 179-a çatıb. Özəl tibb müəssisələrində həyata keçirilən cərrahi əməliyyat sayı 30%, göndəriş sayı isə 12% artaraq müvafiq olaraq 167 mini və 304 mini keçib. Bu göstəricilər sığorta çərçivəsində özəl xəstəxanalarda da tibbi xidmətlərə əlçatanlığın təmin edildiyini göstərir", - sədr əlavə edib.

Agentlik sədri əlavə edib ki, 2024-cü ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayı 2 milyon 237 min nəfərə çatıb ki, bu da iqtisadi fəal əhalinin 42%-ni təşkil edir. Sığortahaqqı ödəyən şəxslərin təxminən yarısı tibbi xidmətlərdən yararlanaraq sığortanın təmin etdiyi imkanlardan istifadə edib.

"2023-cü il üzrə sığortahaqqı ödəyənlər üçün bir pasiyentə düşən ödəniş 181 manat, ödəməyənlər üçün isə 172 manat olub.

​Yaş qrupları üzrə xidmətlərdə ən çox xərc 65 yaşdan yuxarı sığortahaqqı ödəyən əhali arasında qeydə alınıb. Sözügedən kateqoriya üzrə 1 pasiyentə düşən ödəniş 405 manat təşkil edib ki, bu da sığorta sisteminin yaşlı əhali üçün vacibliyini göstərir", - sədr qeyd edib.

Zaur Əliyev onu da vurğulayıb ki, 2024-cü ilin 11 ayı ərzində 248,6 milyon manat məbləğində özəl tibb müəssisələrinə ödəniş olunub.

"Tibb müəssisələrinə müraciətlərin əsas hissəsi qan dövranı xəstəlikləri, ümumi tibbi baxış, endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri ilə bağlı olub.

Ümumilikdə əhalinin 52 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu hər iki şəxsdən birinin icbari tibbi sığortanın imkanlarından yararlandığını göstərir",- deyə o əlavə edib.

Eyni zamanda agentlik sədri əlavə edib ki, ambulator dərman təminatına gələn ilin ikinci yarısından başlanılacaq.

"Ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub:

Məlumat üçün bildirim ki, “Tibbi sığorta haqqında” qanun Milli Məclisdə 3-cü oxunuşdan keçmişdir. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin 2-ci yarısı başlanılacaqdır", - sədr vurğulayıb.

Bundan başqa o çıxışında deyib ki, maya dəyərinin hesablanması xidməti səhiyyənin maliyyə davamlılığını təmin etmək üçün yaradılıb.

"Müasir dövrdə səhiyyənin maliyyələşdirilməsində davamlılığı təmin etmək çox vacib faktora çevrilmişdir. Agentlik olaraq hazırda tibbi xidmətlərin xərclərini dəqiq müəyyən etməyə, xərc yaradan amilləri təhlil etməyə çalışırıq. İlk il ərzində 10 müəssisə üzrə analizlər aparılıb və ilkin metodologiya artıq hazırlanıb. Hazırda optimallaşdırma təkliflərinin hazırlanması üzərində işlər aparılır. Gələcəkdə bu prosesi avtomatlaşdırmaq və daha çox tibbi müəssisəsini əhatə etmək planlaşdırılır", - sədr qeyd edib.

O daha sonra əlavə edib ki, həkimlərin əməkhaqqı artımı tibb heyətinin rifahını gücləndirir: "İcbari tibbi sığortadan əvvəlki dövrlə müqayisədə həkimlərin orta aylıq əməkhaqqısı əhəmiyyətli dərəcədə artıb.

Xüsusilə, 2024-cü il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3300 manata yüksəlib. Artımın səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmətlərin tariflərinin artması olub. Bu artımlar tibb heyətinin rifahının gücləndirilməsinə xidmət edir".

Zaur Əliyev əlavə edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra kiçik tibb heyətinin median əməkhaqqısı 270 manatdan 410 manata, orta tibb heyətinin isə 320 manatdan 540 manata qədər artıb. Görülən tədbirlər tibb heyətinin motivasiyasını artırmaqla yanaşı, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə də mühim töhfə verir.

Agentlik sədri konfransın yekununda vurğulayıb ki, İcbari tibbi sığorta haqqında məlumatlılıq 100 faizə yaxındır, Xidmətlər Zərfi üzrə isə 47 faiz təşkil edir. O icbari tibbi sığortanın tətbiqi ilə bağlı vətəndaşların məmnunluğunun və məlumatlılığının öyrənilməsi barədə keçirilən sosioloji sorğuların nəticələri ilə bağlı məlumat verib.

"2023-cü ildən etibarən Bakı, Sumqayıt və Abşeronda, eləcə də digər 51 regionda sorğular təşkil olunub. Sorğularda 25 087 nəfər iştirak edib.​

Nəticələrə əsasən, ölkə əhalisinin 100 faizə yaxını icbari tibbi sığorta haqqında, 47 faizi isə Xidmətlər Zərfi barədə məlumata malikdir. Ən yüksək göstəricilər ixtisaslaşmış ambulator və laboratoriya xidmətləri üzrə qeydə alınıb.

​Ümumilikdə, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi 59 faizdir.

​İcbari tibbi sığorta tətbiqindən sonra sağlamlıqla bağlı xərclərin ciddi şəkildə azaldığını bildirən respondentlərin payı 25 faiz, cüzi azalma bildirənlərin payı isə 40 faizdir. Ümumilikdə respondentlərin 65 faizi icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xərclərin azaldığını qeyd ediblər.

​Respondentlərin 75 faizi özəl tibb müəssisəsinə birbaşa müraciət edərkən ödənişin 20%-ə qədərini cibdən ödəməyə razı olduqlarını bildiriblər. Bu, əhalinin müəyyən bir hissəsinin belə bir ödəniş modelini qəbul etməyə açıq olduğunu göstərir. Hazırda hissəvi ödəniş sistemi mövcud olmasa da, gələcəkdə bu mövzu ilə bağlı müxtəlif mexanizmlərin tətbiqi və ya müzakirəsi mümkündür", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti