Bakı. Trend:
Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası tərəfindən innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib elan edilib.
Bu barədə Trend-ə açıqlmasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib.
Bildirilib ki, işğaldan azad edilən ərazilərdə yol infrastrukturu yüksək keyfiyyətlə və müasir tələblərə cavab verən səviyyədə inşa edilir. Yol inşası zamanı yolboyu dəmir – beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu da bunlardan biridir.
"Yeni istifadəyə verilən yol "Zəfər yolu" - na alternativ yoldur. Yeni yol həmdə zəfər yoluna nisbətən qısa yoldur. Belə ki, zəfər yolunun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir", - deyə o qeyd edib.
Qurum rəsmisi Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun inşaat işləri barədə də məlumat verib:
"İnşaat işləri zamanı yolboyu dəmir – beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul – Horadiz – Ağbənd – Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir."
Qeyd edək ki, bu yol dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunub. Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.