Bakı. Trend:
Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib. Məlum olub ki, cinayət qruplaşmasının üzvləri mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlayıb.
Mövzu ilə bağlı Trend-ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin ekstremist qruplaşmanın zərərsizləşdirilməsi istiqamətində atdığı bu addımı yüksək qiymətləndirib:
“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşmanın ifşası dövlətçiliyimizin, onun əsaslarının müdafiəsi, vətəndaşlarımızın təhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından son dərəcə mühm əhəmiyyətə malikdir. Bu əməliyyat hər şeydən öncə Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığından, hədsiz çevikliyindən xəbər verir.
Qruplaşmanın cinayət əməlinin qarşısının planlaşdırma mərhələsində alınması da Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir. Qeyd edək ki, bütün dünyada çox az sayda xüsusi xidmət orqanları var ki, onlar planlaşdırılan cinayətlərin qarşısını elə planlaşdırma mərhələsində ala, təhlkəni elə ilkin mərhələdə ortadan qaldıra bilir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti də bu cür peşəkar xüsusi xidmət orqanlarından biridir.
Mən bu uğuruna görə Dövlət Təhlükəsizliyi Xidmətini təbrik edir, ona bu çətin və şərəfli fəaliyyətində uğurlar arzulayıram. Eyni zamanda, bütün vətəndaşlarımızı ayıq-sayıq olmağa, onlarda şübhə doğuran istənilən məsələ ilə bağlı güc orqanlarımızı dərhal məlumatlandırmağa səsləyirəm.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zərərsizləşdirilən ekstremist qruplaşma ilə bağlı baş verənlər bir daha göstərdi ki, bu gün də dövlətimizin təhlükəsizliyini, xalqımızın əmin-amanlığını pozmağa, ölkədə xaos, qarışıqlıq yaratmağa çalışan qüvvələr var. Doğrudur, onların bu cəhdlərinin qarşısı Dövlət Təhlükəsizliyi Xidməti və digər güc orqanalrı tərəfindən qətiyyətlə alınır, lakin bu məsələdə hər bir vətəndaşın hüquq-mühafizə orqanlarına informasiya dəstəyi verməsi, dövlət qurumları ilə sıx əməkdaşlıq həyata keçirməsi zəruridir. Yalnız bu halda biz bütün təhlükələrdən sığortalana bilərik”.