Bakı.Trend:
Bakıda “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransı keçirilir.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ədliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyaları, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumları iştirak edir.
Beynəlxalq konfransda aktivlərin bərpası prosesinin səmərəliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli ölkələrin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı kimi məsələlər müzakirə edilir.
İlk növbədə beynəlxalq konfransda Baş prokuroru Kamran Əliyev çıxışı zamanı deyib ki, bu gün paytaxtımızda keçirilən beynəlxalq konfransda aktivlərin bərpası prosesinin səmərəliliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli ölkələrin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı kimi məsələlərin müzakirəsi planlaşdırılıb.
"Qardaş ölkələrin bu sahədə təcrübəsinin öyrənilməsi, öz müsbət təcrübəmizlə bölüşmək böyük əhəmiyyətə malikdir. Əminliklə deyə bilərəm ki, hakim və prokurorların peşə hazırlığında da müasir texnologiyaların, proqram təminatlarının tətbiqi ilə bağlı müzakirələr xüsusi əhəmiyyətə malikdir",-deyə o qeyd edib.
Xatırladaq ki, konftans Azərbaycan tərəfinin sədrliyi çərçivəsində cari ilin 17–18 dekabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, 2022-ci ildə Türk Ədliyyə Təlim Şəbəkəsi (TƏTŞ) təsis edilib və özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirir.
Xəbər yenilənəcək