Bakı. Trend:
Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işğaldan azad olunmuş ərazilərdə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə bütün məlumatların daxil edilməsini bu il yekunlaşdırmaq üzrədir.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, həm torpaq tədqiqatı, həm də torpaqların kateqoriyaya aid edilməsi ilə bağlı uçot sistemi tamamlanıb:
"Gələn il üçün az işlər qalıb ki, bu da antiterrordan sonra olan ərazilərdəki dürüstləşmələri, dəqiqləşmələri əhatə edəcək. Digər ərazilərimizdə, demək olar ki, bu iş bitmişdir. Torpaqların istifadəyə verilməsi, orada məskunlaşan əhalinin torpaq istifadəçiliyinin yaradılması prosesi Prezidentin məlum sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. Yəni kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə və torpaq ayırma səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətindədir".