Bakı. Trend:
Cənubi Koreyada müxalifət liderindən idarəçilik üçün fövqəladə təkliflər
Cənubi Koreyanın müxalifət lideri Li Çje Mön Prezident Yun Sok Yolun impiçmentdən sonra vəzifəsindən müvəqqəti uzaqlaşdırıldığı müddətdə dövlət idarəçiliyinin sabitliyini təmin etmək üçün parlament və hökumətin birgə şurasının yaradılmasını təklif edib.
Trend xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Dövlətin idarə edilməsinin sabitliyini təmin etmək üçün partiyalararası əməkdaşlıq mexanizminin yaradılması vacibdir. Bu məqsədlə parlament və hökumətin birgə şurasının təsis olunmasını təklif edirəm,” – deyə Birləşmiş Demokratik Partiyanın sədri bildirib.
Li Çje Mön, həmçinin demokratik partiyanın ölkənin idarə olunmasında sabitliyin bərpası və beynəlxalq etimadın artırılması məqsədilə bütün partiyalarla fəal əməkdaşlığa hazır olduğunu vurğulayıb.
O, Cənubi Koreya iqtisadiyyatının bərpasının prioritet olduğunu qeyd edərək, bazarın sabitləşdirilməsi, investisiyaların qorunması və iqtisadi qeyri-sabitliyin aradan qaldırılması üçün bütün tərəfləri əməkdaşlığa dəvət edib. Əlavə büdcənin sürətlə müzakirə edilməsi, yerli iqtisadiyyatın dəstəklənməsi üçün tədbirlər görülməsi və süni intellekt layihələri üçün vəsaitlərin ayrılması da onun təklifləri arasında yer alıb.
Müxalifət lideri Konstitusiya Məhkəməsinə müraciət edərək, Prezident Yun Sok Yolun vəzifədən uzaqlaşdırılması prosesinin mümkün qədər tez başa çatdırılmasının, dövlətdəki xaosu minimuma endirmək üçün yeganə çıxış yolu olduğunu bildirib.