Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti hal-hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir.
Bu barədə Trend İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, əsasən, kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Məqsəd xətlərin intensiv yağışlar zamanı həm yağış sularını, həm də tullantı sularını maneəsiz şəkildə daşımasını təmin etməkdir.
Qeyd edilib ki, eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
"Bundan başqa, qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalardır. Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir.
İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də, kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur", - qurumdan bildirilib.