Bakı. Trend:
Fransalı futbolçu Pol Poqba İngiltərənin "Mançester Siti" klubunun maraq dairəsinə düşüb.
Trend-in İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, Poqba ilə bağlı ilkin əlaqələr qurulub. Bildirilir ki, baş məşqçi Pep Qvardiola "Yuventus"la müqaviləsi xitam verilmiş yarımmüdafiəçi ilə maraqlanır.
Lakin Poqbanın İngiltərəyə qayıtmaq istəyi yüksək deyil. Bunun səbəbi kimi futbolçunun 2016-2022-ci illərdə "Mançester Yunayted"dəki karyerasının uğursuz alınması göstərilir.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi antidopinq qaydalarını pozduğu üçün bu il fevralın 29-da 4 illik diskvalifikasiya almışdı. Lakin cəzası azaldıldığından Poqba gələn ilin martında yenidən meydana qayıda biləcək.