Bakı. Trend:
Həştərxan şəhəri ilə Bakı arasında həftədə 3 təyyarə reysi həyata keçirilir. Lakin bu tələbatı qarşılamır.
Trend xəbər verir ki, Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkova sərnişindaşımanın tələbatını ödəmək və qarşılıqlı əlaqələrin intensivləşməsini təmin etmək üçün gələn ildən reyslərinin sayının həftədə 5 dəfəyədək artırılacağını bildirib.
“Cari ildə Həştərxan-Bakı reysi ilə 41 min sərnişin daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 faiz artım deməkdir. AZAL-ın sərnişindaşımadakı payı 47 faizdən (2022) ildə 74 faizə (2024) yüksəlib”, - deyə Vladimir Qolovkova vurğulayıb.
Nazir qeyd edib ki, reyslərin sayının artırılması qarşılıqlı turizmin inkişafına da təkan verəcək:
“Dekabrın sonunda Həştərxanın turizm şirkətlərinin nümayəndələrindən ibarət heyət Azərbaycana səfər edəcək. Bu səfərin məqsədi Azərbaycanın turizm şirkətləri ilə əlaqələr yaratmaq, qarşılıqlı səfərlər təşkil etmək və Azərbaycanla tanış olmaqdan ibarətdir. Gələn ilin əvvəllərində isə Azərbaycanın turizm şirkətlərinin nümayəndələrinin Həştərxana səfəri təşkil ediləcək”.