Bakı. Trend:
Cənubi Koreya Prezidentinin səlahiyyətlərini icra edən Han Dok Su ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı Şimali Koreya ilə bağlı vəziyyəti və ikitərəfli müttəfiqlik əlaqələrini müzakirə edib.
Trend-in Cənubi Koreya Baş Nazirinin ofisinə istinadən verdiyi məlumata görə, Han Dok Su Koreya yarımadasında artan təhlükələr fonunda ABŞ-la müttəfiqliyin gücləndirilməsinin vacibliyini vurğulayıb. “Hökumət xarici siyasətini və təhlükəsizlik strategiyasını davam etdirəcək, ABŞ-la möhkəm müttəfiqliyi dəstəkləməyə və inkişaf etdirməyə davam edəcək”, - deyə o bildirib.
Han Dok Su həmçinin Şimali Koreyadan gələn təhlükələrin artdığı və Rusiya ilə Şimali Koreya arasındakı əməkdaşlığın daha da gücləndiyi bir dövrdə alyansın müdafiə qabiliyyətini qorumağın əhəmiyyətinə diqqət çəkib.
ABŞ Prezidenti Co Bayden zəng üçün Han Dok Suya təşəkkür edərək Cənubi Koreyada demokratiyanın sabitliyini yüksək qiymətləndirib. Bayden ABŞ-ın müttəfiqini qorumağa tam hazır olduğunu təsdiqləyib və ABŞ, Cənubi Koreya və Yaponiya arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün birlikdə çalışmağa söz verib.