Bakı. Trend:
Gələn il üçün gözlənilən yeniliklər sırasında beynəlxalq tərəfdaşlığın genişləndirilməsi, yeni vençur fondlarının yaradılması və innovativ proqramların tətbiqi dayanır.
Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İRİA-nın illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirində deyib.
“Biz beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq istiqamətində səylərimizi artırırıq və bu çərçivədə iri IT şirkətlərini Azərbaycana cəlb etməyə çalışırıq. İkinci istiqamət isə maliyyələşmə üçün vençur fondlarının yaradılmasıdır. Bununla bağlı biz mentorluq, təlimçilərin hazırlanması, inkubasiya və akselerasiya kimi yeni innovativ proqramlar hazırlayırıq. Bundan əlavə, regionlarda bir sıra layihələrin həyata keçirilməsini planlaşdırırıq. Bütün bunlar yaxın dövrdə gözlənilən yeniliklərin bir hissəsidir”, – deyə A.Əhmədov bildirib.
O əlavə edib ki, hazırda ekosistem iştirakçılarından, xüsusilə startaplar və tərəfdaşlardan geribildirimlər toplanılır. Bu məlumatlar gələcək planların formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq.