...

Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçirilib

İqtisadiyyat Materials 14 Dekabr 2024 19:18 (UTC +04:00)
Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçirilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi ilə birgə 14 dekabr 2024-cü il tarixində “Baku Marriott Hotel Boulevard”da “Sıfıra doğru” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, zirvə toplantısının keçirilməsində əsas məqsəd sənaye və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də iş yerlərində təhlükəsizlik məsələləri ilə bağlı dünyada tətbiq olunan yeniliklərin, müasir innovasiyaların və qabaqcıl təcrübələrin müzakirəsi olub.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu və millət vəkili Nigar Arpadarai, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə Zirvə toplantısının əhəmiyyətindən danışaraq, məqsədin ölkəmizdə sənaye təhlükəsizliyi mədəniyyətini inkişaf etdirmək və bu sahədə qabaqcıl təcrübələri paylaşmaq, həmçinin Azərbaycanın iş mühitini daha etibarlı, dayanıqlı gələcəyə aparılması işinə dəstək verilməsinin olduğunu bildiriblər.

Zirvədə 15-dək spiker və moderator, 350-dən çox dövlət və özəl müəssisənin məsul şəxsləri, o cümlədən dövlət qurumlarının rəsmiləri, icraçı direktorlar, şirkət nümayəndələri və iş adamları iştirak edib.

“Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və iş yerində təhlükəsizlik mövzularında qlobal yeniliklər, innovativ həllər və qabaqcıl təcrübələr müzakirə edilərək bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda SƏTƏM sahəsində fərqlənmiş şəxslər, müəssisə və təşkilatlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.

Xəbər lenti

Xəbər lenti