Bakı. Trend:
Yeni ilə az qalıb. Bu vaxt gələndə ən çox uşaqlar sevinir. Sevinclərinin başlıca səbəbi isə bir-birindən rəngli, bahalı və ziyanlı hazır Yeni il hədiyyələridir. Zaman-zaman bu hədiyyə qutularından şikayət edən də olur, onu sevə-sevə alıb uşağına aparan da.
Bəs qida ekspertləri, həkimlər bu mövzuda hansı fikirdədir?
Məsələ barədə Trend-ə danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, Yeni il hədiyyə qutuları azyaşlılar üçün nəzərdə tutulduğuna görə, onların etibarlı şirkətlər, istehsalçılar tərəfindən hazırlanması ən önəmli faktorlardan biridir.
“Qutunun cəlbediciliyi, rəngarəngliyi ilə yanaşı, eyni zamanda, onun üzərində istehsalçı şirkət haqqında ətraflı məlumatın olması, içindəki qida məhsulları haqqında tam məlumatların göstərilməsi olduqca vacibdir. Əlavə olaraq bu məhsulların hər birinin ayrı-ayrılıqda tərkibi verilməli, son istifadə müddəti və istehsal tarixi göstərilməlidir.
Bəzən Yeni il hədiyyəsini açdıqda görürük ki, nə vaxtlara diqqət edirlər, nə də onların bu məlumatları araşdıracaq qədər məlumatları olur. Bu zaman yük, məsuliyyət valideynlərin üzərinə düşür. Onlar aldığı hər bir qidanı diqqətlə yoxlayıb, övladlarına verməlidirlər.
Əks halda vaxtı keçmiş, tərkibində konservantlar çox istifadə olunan, kimyəvi maddələrdən istifadə edilərək rəf ömrü uzadılan qida məhsulları olarsa, bir çox uşaqlarda həzm probleminə gətirib çıxara bilər”, - deyə o qeyd edib.
Ekspert əlavə edib ki, eyni zamanda, onların tərkibində bəzən çərəzlər də olur və bu da allergik reaksiya yarada bilir.
“Ona görə valideyn mütləq şəkildə məhsulun tərkibi ilə bağlı ətraflı məlumatı bilib və yeni olanını uşağa təqdim etməlidir. Ən yaxşı halda, yaxşı olardı ki, uşağın sevdiyi və onun orqanizminə uyğun olan qida məhsullarından toplayaraq, özləri Yeni il qutusunu hazırlasınlar. Bu, ən təhlükəsiz hesab olunan üsuldur.
Bəzən qutuların içində oyuncaqlardan da istifadə edirlər ki, bu oyuncaqların da mənşəyə bəlli olan yerdən alınması, xüsusilə onların hazırlanmasında istifadə olunan boyaların uşaqlar üçün hər hansı bir təhlükə yaratmadığını bilmək lazımdır.
Əks halda ucuz, qablaşdırılmış, mənşəyə bəlli olmayan hədiyyə qutuları uşaqlar üçün təhlükə mənbəyi ola bilər. Bəzən bu kimi maddələrdən olan zərərlər anında öz təsirini göstərmir, müəyyən bir vaxtdan sonra hər hansı bir sağlamlıq problemlərinə gətirib çıxarır.
Yeni il qutularında istifadə olunan meyvə suları mənşəyi bəlli olan, keyfiyyətli istehsal edilən məhsul olmalıdır. Çünki uşaq orqanizmi, immun sistemi bir çox hallarda zəif olur, inkişaf prosesi getdiyinə görə qəbul etdiyi bütün qidalar onların sağlamlığında böyük rol oynayır”.
Pediatr Aytən İsmayılzadə isə bildirib ki, bu qutuların içində çox vaxt istehsal tarixindən çox keçib, bitmə vaxtına az qalmış məhsullar olur.
“Belə olmasa belə, orada faydalı heç nə olmur. Yəni bir qutu içində tərkibcə eyni olan mənsullar təklif edilir. Tərkib dedikdə burada şəkər, müxtəlif dadlandırıcılar, rəngləndiricilər nəzərdə tutulur. Onlar palma yağlı, marqarinli məhsullardır ki, içərisində faydalı heç nə yoxdur”.
Həkim vurğulayıb ki, Yeni il hədiyyə qutularında olan qidalar uşaqların sağlamlığına ziyan vurur.
“Bu qidalar uşaqlarda allergiyanı gücləndirir, mədə-bağırsaq sistemini korlayır, orqanizmdə faydalı elementlərin yerini tutmağa çalışır. Yəni buradakı maddələr, trans yağlar faydalı yağların yerini tutmağa çalışır, beləliklə, orqanizmə zərər verir. Hansı uşaq allergikdirsə, onlarda biz qəbizlik, öskürək, burun axmasının artması, dəridə səpkilərin olması, qarında ağların artmasını görə bilərik”, - deyə o əlavə edib.