...

Maliyyə naziri 2025-ci ilin dövlət büdcəsinə dəyişiklikləri AÇIQLAYIB

İqtisadiyyat Materials 16 Dekabr 2024 11:19 (UTC +04:00)
Maliyyə naziri 2025-ci ilin dövlət büdcəsinə dəyişiklikləri AÇIQLAYIB
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə naziri Samir Şərifov 2025-ci ilin dövlət büdcəsinə dəyişiklikləri açıqlayıb.

Trend xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən maliyyə naziri bəzi zəruri istiqamətlər üzrə xərclərin artırılması ilə bağlı, o cümlədən müzakirələr zamanı millət vəkillərinin irəli sürdüyü təkliflər də nəzərə alınmaqla təqdim olunan büdcə layihəsinə aşağıdakı dəyişikliklərin edilməsinin məqsədəuyğun hesab olunduğunu bildirib və millət vəkillərini dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin layihələrini və büdcə zərfinə daxil edilmiş digər qanunvericilik aktlarını qəbul etməyə və onlara səs verməyə çağırıb:

1. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarını və ona müvafiq olaraq büdcədənkənar xərclərini 40 milyon manat məbləğində artırmaq;

2. Əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilmişdir. Bunun nəticəsi olaraq, təqribən 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi və tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərinin əlavə maliyyə təminatına yönəldmək. Bununla müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır.

3. Büdcə təşkilatlarında malların və xidmətlərin alınması üzrə xərclərin optimallaşdırılması yolu ilə əlavə 36 milyon manat vəsaiti sərbəstləşdirmək və aşağıdakı istiqamətlər üzrə xərcləri artırmaq:

- Azərbaycan Respublikası Milli Məclisinin maliyyə təminatını əlavə olaraq 815 min manat məbləğində artırmaq;
- Möhtərəm Prezidentimizin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat və ya 20 faiz artırmaq;
- 2025-ci ildə Yaponiyanın Osaka şəhərində keçiriləcək Ümumdünya Sərgisində — Expo-2025-də ölkəmizin təmsil olunması xərcləri də daxil olmaqla dövlət büdcəsində beynəlxalq fəaliyyət üzrə xərcləri 24 milyon manat artırmaq;

- ölkəmizin ixrac və investisiya potensialının təbliği ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 10 milyon manat ayırmaq;

4. 2025-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika və Su Ehtiyatları agentliklərinin səlahiyyətlərinin müvafiq olaraq “Azərenerji”, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi ilə bağlı dəyişikliklərin və bununla bağlı müvafiq xərclərin dövlət büdcəsində əks etdirilməsi zərurəti yaranmışdır.

Müvafiq olaraq Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır və eyni məbləğdə vəsait Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir.

Yuxarıda təklif olunan dəyişikliklər qəbul edildiyi təqdirdə 2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrinin gəlir və xərcləri bərabər olaraq 40 milyon manat artır, yəni dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat təşkil edəcəkdir.

Nazir bildirib ki, dövlət və icmal büdcələrinin kəsirlərində hər hansı dəyişiklik baş verməyəcəkdir və onlar ilkin təqdim olunmuş büdcə layihəsindəki kimi saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti