...

Romada ictimai diplomatiyada yeni səhifə açılacaq: Azərbaycanın mədəniyyət elçiləri

Siyasət Materials 16 Dekabr 2024 11:12 (UTC +04:00)
Romada ictimai diplomatiyada yeni səhifə açılacaq: Azərbaycanın mədəniyyət elçiləri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan beynəlxalq arenada imicini və təsirini daha da gücləndirmək üçün ictimai diplomatiyanın imkanlarından uğurla istifadə edir.

Bu prosesin vacib tərkib hissəsi xaricdə yaşayan azərbaycanlıları bir araya gətirən mədəni və peşəkar tədbirlərdir.

2024-cü il dekabrın 18-də Romada növbəti əlamətdar hadisə — “Azərbaycanın Mədəniyyət Elçiləri” görüşü keçiriləcək. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, mədəniyyət naziri Adil Kərimli və Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Əliyev iştirak edəcəklər. Tədbirə 24 ölkədən 40 mədəniyyət və incəsənət xadimi qatılacaq. Onların arasında Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlov, Əməkdar incəsənət xadimi Cahangir Novruzov, Fransadakı “Toğrul Nərimanbəyov” Assosiasiyasının rəhbəri Əsmarə Nərimanbəyova və bəstəkar Firəngiz Əlizadə kimi tanınmış simalar da yer alacaq. Görüş çərçivəsində Azərbaycanın xaricdəki mədəni təşəbbüslərinə həsr olunmuş film təqdim ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə soydaşlarımızın yaşadıqları ölkələrə uğurla inteqrasiya olunmasının və həmin ölkələrin siyasi, iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrinin vacibliyini vurğulayıb.

"Hamımız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azərbaycanı ləyaqətlə təmsil etsinlər", — deyə dövlət başçısı Dünya Azərbaycanlılarının IV Qurultayında bildirib.

Bu strategiya öz bəhrəsini verir. Xaricdə yaşayan azərbaycanlılar uğurlu alimlər, həkimlər, sənətçilər və sahibkarlar olaraq yalnız yaşadıqları ölkələrin inkişafına deyil, həm də Azərbaycanın mədəni və işgüzar əlaqələrinin möhkəmlənməsinə töhfə verirlər. Buna misal olaraq, bir neçə həftə öncə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlər Assosiasiyasının qurultayını göstərmək olar. Bu cür təşəbbüslər biznes, elm, incəsənət və digər sahələrdə fəaliyyət göstərən azərbaycanlılar arasında güclü üfüqi əlaqələrin yaranmasına xidmət edir.

Mədəniyyət vasitəsilə ictimai diplomatiya

Mədəniyyət ictimai diplomatiyanın ən effektiv vasitələrindən biridir. Romadakı görüş kimi tədbirlər Azərbaycanın milli irsini, incəsənətini, musiqisini və ədəbiyyatını tanıtmağa xidmət edir. Belə tədbirlər həm də ölkənin xaricdəki müsbət imicini formalaşdırır, onun turizm potensialını və müxtəlif sahələrdə nailiyyətlərini nümayiş etdirir.

Tədbir çərçivəsində təqdim ediləcək film Azərbaycanın xaricdə həyata keçirdiyi mədəni təşəbbüslərə diqqət yetirəcək. Bu layihələr ölkənin açıqlığını və dialoqa hazır olduğunu göstərir, beynəlxalq mövqeyini gücləndirir və diasporu yeni uğurlara ilhamlandırır.

Diasporla daha effektiv əməkdaşlıq üçün Diasporla İş üzrə Dövlət Komitəsi yeni informasiya resurslarının yaradılmasını da planlaşdırır. Bu platformalar diasporun həyatı, Azərbaycanın nailiyyətləri və inteqrasiya imkanları haqqında məlumat verərək azərbaycanlılar arasında peşəkar icmaların yaranmasına dəstək olacaq. Bu, Almaniyadakı həkimlərin uğurla həyata keçirdiyi təcrübə mübadiləsi kimi nümunələrdə artıq öz təsdiqini tapıb.

Romadakı “Azərbaycanın Mədəniyyət Elçiləri” görüşü ölkənin ictimai diplomatiyasının inkişafında mühim bir mərhələ olacaq. Aktiv diaspor beynəlxalq arenada Azərbaycanın nüfuzunun daha da möhkəmlənməsinə öz töhfəsini verir.

Xəbər lenti

Xəbər lenti