Bakı. Trend:
Cənubi Koreyada polis hərbi kəşfiyyat komandanlığının rəhbəri Mun San Xo və onun sələfi No San Vonu iğtişaşda iştirak etməkdə şübhəli bilərək heç bir order olmadan həbs edib.
Trend-in Yonhap agentliyinə istinadla verdiyi məlumata görə, dekabrın 3-də hərbi vəziyyət elan edildikdən iki dəqiqə sonra Hərbi Kəşfiyyat Komandanlığının üzvləri Mərkəzi Seçki Komissiyasının binasına gəliblər. Polis hesab edir ki, Mun San Xo bu hadisədən əvvəlcədən xəbərdar olub və hərbçilərin göndərilməsi ilə bağlı göstəriş verə bilərdi.
Cənubi Koreya müxalifəti isə bildirir ki, Mun San Xonun sələfi No San Von hərbi vəziyyət fərmanının hazırlanmasında və digər hazırlıqlarda iştirak edib. O, keçmiş müdafiə naziri Kim Yonq Hyun ilə yaxın əlaqələrdə olmaqla diqqət mərkəzinə düşüb. Hüquq-mühafizə orqanları planın əsas təşkilatçısının məhz Kim Yonq Hyun olduğunu bildirir. Keçmiş müdafiə naziri artıq həbs edilib.
Eyni zamanda, hərbi əks-kəşfiyyat komandanlığının rəhbəri Yo İn Hyun da prokurorlar tərəfindən həbs edilib. O, daha əvvəl prezident Yun Sok Yol ilə eyni məktəbi bitirmiş şəxs kimi tanınır.