Bakı. Trend:
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
"Bu gün böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq mötəbər tədbirlərindən biri olan COP29 Bakıda keçirilmişdir. Və çox yüksək səviyyədə, mükəmməl təşkil olunmaqla regionda ilk dəfə Azərbaycanda baş tutdu", - o bildirib.
Baş nazir qeyd edib ki, ötən ilin dekabrında 200-ə yaxın ölkənin yekdil qərarı ilə Azərbaycanın COP29-un ev sahibi seçilməsi dünya miqyasında ölkəmizə və şəxsən dövlət başçısına olan böyük hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rola verilən yüksək qiymətdir.
"COP29 Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin çıxışını da xüsusi qeyd etmək istərdim", - Ə.Əsədov qeyd edib.