Bakı. Trend:
Şəhərsalma, cəmiyyətin inkişafında mühüm rol oynayır və yalnız binaların inşası ilə deyil həm də insanların həyat keyfiyyətini artırmaq, urbanizasiyanı düzgün idarə etmək məqsədilə strateji yanaşmalar tələb edir. Şəhərsalma sahəsi həm Azərbaycanda, həm də dünya miqyasında müasir çağırışlarla üzləşir. Ölkəmizdə şəhərsalma prosesləri daha çox iqtisadi və sosial inkişafla əlaqələndirilir, lakin bu sahədə qarşıya çıxan çətinliklər də az deyil. Qlobal iqlim dəyişiklikləri, urbanlaşma, əhali artımı və texnoloji yeniliklərin tətbiqi, Azərbaycanın şəhərsalma sahəsindəki əsas problemlərdən bəziləridir. Bu çətinliklərə baxmayaraq şəhərsalma gələcəkdə daha humanist və davamlı konsepsiyalar üzərində qurulmalıdır.
Bu dəfə müsahibəmizdə, memarlıq üzrə elmlər doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının professoru Şəhla Qəhrəmanova ilə şəhərsalmanın inkişaf perspektivləri və bu sahədə qarşılaşılan çətinliklərə toxunacağıq. Şəhərsalma layihələndirilməsinin, bina və qurğuların tipologiyasının, eləcə də insan mərkəzli konsepsiyanın regionların inkişafında rolu barədə geniş müzakirələr apararaq Azərbaycanın gələcək şəhərsalma strategiyalarına işıq tutmağa çalışacağıq.
- Şəhərsalma layihələndirilməsində qarşılaşdığınız əsas çətinliklər hansılardır və bu çətinliklərin öhdəsindən gəlmək üçün hansı metodlardan istifadə edirsiniz?
- Azərbaycanda şəhərsalma layihələri müxtəlif səviyyələrdə həyata keçirilir və qarşılaşılan problemlər də müxtəlifdir. Bir istiqamət mövcud şəhərlərin inkişafı layihələridir. Bir çox sakinlərdə şəhərin baş planı ilə bağlı yanlış təsəvvürlər var məsələn, binalarının və evlərinin sökülə biləcəyi barədə narahatlıqlar olur. Ancaq şəhərin baş planı belə məsələləri həll etmir. Şəhərsalma layihələrinin məqsədi şəhərin hərtərəfli layihəqabağı təhlili əsasında növbəti 20 il ərzində onun ayrı-ayrı zonalarının (yaşayış, ictimai, rekreasiya, sənaye və s.) istifadə növlərini müəyyən etməkdir. Bu sənəd daha çevikdir və ərazinin ayrı-ayrı fraqmentlərinin ətraflı planlaşdırılmasını daxil etmir, çünki belə məsələlərin həlli bir çox amillərdən, o cümlədən vəsait yatırmağa hazır olan investorlardan, onların baş plan və normativ sənədlər çərçivəsində arzu və istəklərindən asılıdır.
Baş planların hazırlanması zamanı qarşılaşılan əsas problemlər layihənin aidiyyəti qurumlar tərəfindən razılaşdırılması ilə əlaqədardır. Bəzən qurumların tələbləri bir-biri ilə ziddiyyət təşkil edir və vahid məlumat bazasının olmaması prosedurları uzadır. Bu problemlərin öhdəsindən gəlmək üçün AzMİU kimi təhsil və elmi müəssisələr layihə və planlaşdırma sahəsində təcrübə və tədris proqramları vasitəsilə konseptual həllərin hazırlanmasına dəstək verir. Xarici şirkətlər ilə əməkdaşlıq da bu problemləri həll etmək üçün istifadə olunan üsullardan biridir, çünki bu yanaşmalar müxtəlif perspektivlər gətirir və məsələlərin daha geniş spektrdə həllinə kömək edir.
Son illərdə ərazi planlaşdırılmasına münasibət dəyişib. Sovet dövründə ərazi dövlət mülkiyyəti olduğundan şəhərlərin inkişafı üçün əlavə ərazilər sərfəli şəkildə ayrıldı və şəhərin genişlənməsinə imkan verildi. Bu gün qlobal iqlim dəyişikliyi və davamlı inkişaf məsələləri ön plana çıxıb, prioritetlər kompakt şəhərlər, torpaqlardan səmərəli istifadə, şəhərlərin özünəməxsusluğunun qorunub saxlanılması və ətraf mühitin yaxşılaşdırılması istiqamətində dəyişib. Biz universitet olaraq zaman-zaman baş planların şəhərin planlaşdırma strukturunun təkmilləşdirilməsinə, ekoloji karkasın yaradılmasına və zəruri sosial obyektlərin təmin edilməsinə yönəldilməsi ilə bağlı öz təcrübəmizi bölüşürük. Hesab edirik ki, bu, şəhərsalma sahəsində inkişafı təmin etmək baxımından əhəmiyyətlidir.
İşğaldan azad edilmiş ərazilərdə yeni kəndlərin tikintisi layihələrini ayrıca qeyd etmək lazımdır. Dövlətimiz böyük bir vəzifəni – ölkə ərazisinin 20%-nin bərpa edilməsini öz üzərinə götürüb. Bu təcrübənin olmaması, xüsusilə kəndlərin layihələndirilməsinin ilkin mərhələlərində bir çox problemlərə səbəb olmuşdu. Bu sahədə təcrübə və araşdırmalar apararaq layihələrin inkişafı üçün birinci (şəhərsalma əsaslandırılması) və ikinci (tikinti layihəsi) mərhələlər arasında koordinasiyanın gücləndirilməsi istiqamətində metodologiyalar təqdim edirik. Bizim metodologiyada məcburi köçkünlərin ata-baba yurdlarına qayıdışını nəzərə alaraq sosial və iqtisadi məsələlərin həllinə də fərdi yanaşma tətbiq edilir.
“Layihələndirməyə olan yanaşmalar bütün inkişaf mərhələlərində insan ehtiyaclarını nəzərə almalıdır”.
- Bu məqamda sizdən insan mərkəzli şəhərsalma konsepsiyası haqqında soruşmaq istərdim. İnsan mərkəzli konsepsiyanın şəhərsalma prosesində tətbiqi haqqında fikirlərinizi bizimlə bölüşə bilərsiz?
- Bu gün layihələndirməyə olan yanaşmalar bütün inkişaf mərhələlərində insan ehtiyaclarını və perspektivlərini diqqət mərkəzində saxlamalıdır. İnsan mərkəzli dizayn, həllin hər mərhələsində istifadəçilərin perspektivlərini daxil etməklə problemlərin həllinə yönəlmiş yanaşmadır. Bu yanaşma, kontekstdə müşahidə etməkdən, beyin fırtınasından, konseptin hazırlanmasından və həllin həyata keçirilməsindən ibarətdir. Məqsəd istifadəçilərin ehtiyaclarına və tələblərinə cavab verən, onların praktiki biliklərini və texniki bacarıqlarını tətbiq edən dizaynlar yaratmaqdır ki, bu da səmərəliliyi artırır, istifadəçi məmnuniyyətini, əlçatanlığı və davamlılığı yüksəldir. Bu yanaşma həmçinin insan sağlamlığını, təhlükəsizliyini və məhsuldarlığını təmin edir, mənfi nəticələrin qarşısını alır.
Şəhərlər, kəndlər və qəsəbələr əsasən insanların yaşaması və digər canlıların (heyvanlar, quşlar və s.) yaşadığı mühit olaraq nəzərdə tutulur. Ancaq layihələr hazırlanarkən, şəhərsalma layihələrində insanların fikirləri vacibdir. Bu gün şəhərsalma layihələrini hazırlayarkən müəyyən mərhələdə onları ictimai müzakirəyə çıxarırıq, lakin bu proses hələ də bəzi regionlarda dar peşəkar dairələrlə məhdudlaşır. Sovet dövründən bəri layihələrlə bağlı qərarlar əsasən fərdi şəkildə qəbul edilir və məhdud peşəkar dairələrdə müzakirə olunur. Bu gün biz hələ də ictimai müzakirələrin mahiyyətini tam anlamırıq və bunu yalnız layihənin bir mərhələsi kimi qəbul edirik.
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bir neçə il əvvəl yeni magistratura proqramı - "Regionların İnkişaf və Davamlı Şəhərsalma" proqramı açılıb. Bu, ölkədə ilk interdisiplinar magistratura proqramıdır və şəhərsalma sahəsində gələcək idarəetmə kadrlarının hazırlanması məqsədi daşıyır. Kursda tədris olunan fənlərdən biri də "İnsan mərkəzli konsepsiya əsasında regionların inkişafı” fənnidir, burada şəhərsalmada insan mərkəzli yanaşmanın prinsipləri müzakirə edilir. Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrası universitetin və bu kursun kuratoru olaraq ölkə üçün müasir və gələcəkdə lazım olan kadrları hazırlamağa çalışır. Bu məqsədlə AzMİU-də həm potensial, həm də istək yüksək səviyyədədir.
- Şəhərlərin planlaşdırılmasında sakinlərin ehtiyaclarının nəzərə alınması üçün hansı yenilikləri tövsiyə edərdiniz?
- Düşünürəm ki, biz şəhərin baş planı və şəhərin ayrı-ayrı fraqmentlərinin transformasiyası ilə bağlı layihələrin hazırlanmasının bütün mərhələlərində əhali və maraqlı tərəflərlə daha sıx işləməliyik. Bunun üçün layihələri kifayət qədər geniş müzakirə etmək, əhali ilə maarifləndirmə işləri aparmaq, layihələrdən əvvəl, layihə zamanı və layihədən sonra sorğular, müzakirələr təşkil etmək lazımdır. İnsanların istəklərini, yaradılan layihələrə münasibətini ən xırda detallarına qədər öyrənmək vacibdir.
Ola bilsin ki, adi sakinlər baş planın nə olduğunu bilmir, amma yaşadıqları və işlədikləri yerlərdə onların problem və çatışmazlıqlarını yaxşı bilirlər. İnanın ki, mütəxəssislərdən daha çox məlumatlıdırlar, çünki hər gün bu problemlərlə qarşılaşırlar. Bəzən sakinlər hətta maraqlı fikirlər də səsləndirə bilərlər. Məsələn, Amsterdamın yeni baş planı hazırlanarkən hətta müəyyən ərazilərdə yaşayan evsizlərin fikirləri də öyrənilmişdi.
Təəssüflər olsun ki, bəzən Bakıda şəhər mühitində aparılan dəyişikliklər gözlənilən nəticəni vermədiyinə və ya əhalinin kəskin reaksiyası səbəbindən sonradan təkrar dəyişdirilir. Məsələn, sonuncu dəfə bu, şəhərin müəyyən hissəsində yol nişanlarında edilən dəyişikliklərlə bağlı idi.
- Biz sanki daha çox Bakı haqqında danışırıq. Maraqlıdır, regionların inkişafı üzrə aparılan şəhərsalma layihələrinin daha effektiv olması üçün hansı addımları təklif edərsiniz?
- Regionların inkişafı mühüm məsələdir. Regionlar sosial-iqtisadi problemlərin həlli və ölkənin qeyri-taraz inkişafı ilə bağlı vəziyyəti düzəltmək üçün səmərəli ərazi vahidləridir. Bilirik ki, bu gün Azərbaycanda əhalinin əhəmiyyətli hissəsi Bakı, Sumqayıt və Xırdalana işlə bağlı üz tutur. Lakin qloballaşma fonunda və postindustrial cəmiyyət dövründə Azərbaycan iqtisadiyyatının səmərəliliyi və rəqabət qabiliyyəti məhz onun regionlarının iqtisadi inkişafından asılıdır.
Bu gün Azərbaycanın hər bir bölgəsinə biznes-lokasiya kimi baxılmalıdır. Azərbaycanın regionları resurs potensialının inkişafı baxımından əhəmiyyətli dərəcədə fərqlənir və buna görə də regionların rəqabət qabiliyyəti də fərqlidir. Vəziyyət innovasiyaların inkişafı və yaradıcı idarəetmə ilə qismən düzəldilə bilər. Tədqiqatlar göstərdi ki, son illərdə bütün dünyada ənənəvi resurs potensialı ilə yanaşı, regionun inkişafının əsas amilləri kimi innovasiyalar və ağıllı investisiyalar getdikcə daha çox əhəmiyyət kəsb edir. Regional inkişaf strategiyası hazırlanarkən artım üçün xarici stimul tələb edən investisiya baxımından az inkişaf etmiş, depressiyaya uğramış və cəlbedici olmayan regionlara dəstək mexanizmləri də hazırlanır. Bununla belə bu məsələdə ən vacibi insan kapitalı və yerli ixtisaslı kadrlardır ki, onları yetişdirmək lazımdır, o cümlədən öz bölgələrinə bağlılığını inkişaf etdirmək üçün bölgədə açılan təhsil ocaqlarının da sayı artırılmalıdır.
- Demək olar ki, bütün dünyada olduğu kimi bizdə də kənd yerlərinin şəhərləşməsi tendensiyaları müşahidə olunur. Bu prosesdə ən çox diqqət yetirilməli olan məsələlər hansılardır?
- Doğru qeyd edirsiniz. Təəssüf ki, bütün dünyada olduğu kimi bu problem bizdə də var. Kənd yaşayış məntəqələrinə şəhərlər və məskunlaşma sistemlərindən təcrid olunmuş vəziyyətdə baxmaq düzgün deyil. Onlar ölkənin bütöv məskunlaşma sisteminin bir parçalarıdır. Şəhərlər və kəndlər çox zərif bir tarazlığı qoruyan mürəkkəb əlaqədədirlər. Bu gün planetdəki bütün insanların 55 faizi şəhərlərdə yaşayır. 2050-ci ilə qədər bu rəqəmin 70 faizə çatacağı proqnozlaşdırılır. Kəndlər boşalır, sakinlərin şəhərlərə köçməsi baş verir və bu, qlobal, fəlakətli prosesdir. Kəndlərimiz ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayır. Onlar ölkənin ərzaq təhlükəsizliyini təmin etməklə şəhərlər üçün kənd təsərrüfatı məhsulları istehsal edirlər. Ona görə də bu gün kəndlərin dirçəlişi üçün ən vacib məsələ kənd əhalisini öz yerində saxlamaq üçün onlara layiqli şərait yaratmaqdır. Bu, kəndlilərin həyat keyfiyyətinin və səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi deməkdir ki, bu da onların gəlirlərinin artması, nəqliyyatın əlçatanlığının, sosial-mədəni, mühəndis-texniki və texnoloji infrastrukturun, yaşayış şəraitinin inkişafı deməkdir. Azərbaycanda kəndlərin inkişafı üçün kompleks proqramlar mövcuddur. Xüsusilə azad olunmuş ərazilərdəki yanaşma sevindiricidir.
- Şəhla xanım, Azərbaycanın regionlarında bina və qurğuların tipoloji xüsusiyyətləri nələrdən ibarətdir?
- Regionlarda bina və tikililərin tipologiyası əsasən regional xüsusiyyətlərə, tikinti materiallarına və layihə həllərinə görə fərqlənir. Bu, xüsusilə fərdi yaşayış binalarında, eləcə də dini tikililərdə nəzərə çarpır. Sovet dövründə bina və tikililərin standart layihələrinə üstünlük verilirdi. Bu dövrdə hazırlanmış binaların layihələri təbii ki, müasirlərdən fərqlidir. Bu əsasən, məktəblər, uşaq bağçaları, klublar və digər ictimai binalar üçün standart layihələrə aiddir. Regionlarda tikilən standart layihələrin xüsusiyyətləri əsasən təbii-iqlim şəraiti və yerli tikinti materialları ilə bağlıdır. Postsovet dövründə bu standart layihələr tikintidə daha az istifadə olunmağa başladı və fərdi layihələrə üstünlük verildi.
- Bəs müasir dövrdə tipoloji yanaşmaların dəyişməsində hansı amillər əsas rol oynayır?
- Müasir dövrdə tipoloji yanaşmaların dəyişməsində bir neçə amil əsas rol oynayır. Bunlar arasında qloballaşma prosesləri, yeni tikinti materiallarının tətbiqi, yerli adət-ənənələrin dəyişməsi və yerli iqlim şəraitinin tələblərinə uyğunlaşma prioritetləri var. Qloballaşma prosesi nəticəsində müxtəlif ölkələrdə memarlıq üslubları arasındakı sərhədlər silinir, fərdiliyin, orijinallığın və ənənəvi xüsusiyyətlərin itirilməsinə səbəb olur. Bu proses, xüsusilə böyük şəhərlərdə daha çox nəzərə çarpır. Müasir tikinti materiallarının istifadəsi və layihələndirmə texnologiyalarının inkişafı da tipoloji həllərin dəyişməsində mühüm rol oynayır. Eyni zamanda, Qarabağda yenidən qurulan kəndlərdə fərdi yaşayış evləri və ictimai binaların layihələndirilməsində yerli iqlim şəraiti, tikinti materialları və adət-ənənələr nəzərə alınır. Bu cür fərdi layihələr, müasir dövrdə regional xüsusiyyətlərin qorunmasına və müasir tikinti standartlarına uyğunlaşdırılmasına xidmət edir.
“Rəqəmsal alətlərin inteqrasiyası şəhərsalmanın effektivliyini artırır və gələcəkdə daha davamlı və dayanıqlı şəhər inkişafına imkan yaradır”.
- Rəqəmsal transformasiya dövrünü yaşayırıq. Müasir texnologiyaların, xüsusilə də rəqəmsal alətlərin şəhərsalma layihələrinə inteqrasiyasını necə qiymətləndirirsiniz?
- Şəhərsalma layihələrini rəqəmsal vasitələrdən istifadə etmədən həll etmək artıq mümkün deyil. CİS (Coğrafi İnformasiya Sistemləri) texnologiyaları şəhərsalmada həm Azərbaycanda, həm də dünya miqyasında uğurla tətbiq olunur və şəhərin baş planlarının hazırlanmasında mütləq şərtə çevrilib. Lakin düşünürəm ki, biz hələ CİS-in bütün imkanlarından deyil, onun cüzi bir hissəsindən istifadə edirik. Rəqəmsal texnologiyalar şəhərsalmanın gələcəyidir və şəhər miqyasında optimal həlləri qəbul etməyə kömək edərək lazımsız xərcləri azaldır.
Azərbaycan Memarlıq və İnşaat Universiteti şəhərsalma sahəsində kadrları hazırlayan bir universitet olaraq 2017-ci ildə Memarlıq fakültəsində yeni ixtisas – şəhərsalma ixtisası açmışdır. Bu ixtisas üçün yeni tədris proqramını tərtib edərkən rəqəmsal texnologiyaların məzunlarımız üçün nə qədər vacib olduğunu başa düşürdük. Bu səbəbdən də şəhərsalma üzrə tədris proqramına CİS texnologiyaları fənnini daxil etdik. Bu yanaşma məzunlarımızın şəhərsalma layihələrində müasir texnologiyalardan səmərəli istifadə etməsini təmin edir.
Süni intellekt də bu gün şəhərsalma həllərində artıq tətbiq olunur. Süni intellekt ekoloji dəyişikliklərə, iqlim dəyişikliyinə nəzarət edir və şəhərsalma layihələrinin planlaşdırılmasında mükəmməl dəstək verir. Bu sahədə də tədqiqatlar aparırıq və məzunlarımızı bu texnologiyaların üstünlüklərini bilməyə və tətbiq etməyə hazırlayırıq. Yeri gəlmişkən qeyd edim ki, rəqəmsal alətlərin inteqrasiyası şəhərsalmanın effektivliyini artırır və gələcəkdə daha davamlı və dayanıqlı şəhər inkişafına imkan yaradır.
- Sizcə, Azərbaycan şəhərsalmasının gələcək inkişafı necə olacaq?
- Hazırda Azərbaycan öz şəhərlərinin və əhalinin məskunlaşdığı ərazilərin dirçəlişinin çox mühüm mərhələsini yaşayır. Bu gün respublikanın 1/5 hissəsi işğalçılar tərəfindən 30 il ərzində amansız və vəhşicəsinə məhv edildikdən sonra bərpa olunur. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, məcburi köçkünlərin geri qayıtması şəhər və kəndlərin coğrafiyasını dəyişəcək, ölkədə məskunlaşma sistemini korrektə edəcəkdir. Bununla müsbət iqtisadi dəyişikliklər də gözlənilir ki, bu da bütövlükdə ölkə iqtisadiyyatının inkişafı üçün katalizator ola bilər.
Ümumiyyətlə, Azərbaycanda şəhərsalmanın inkişaf perspektivləri şəhərlərin tarixi-memarlıq görkəminin və özünəməxsusluğunun qorunub saxlanması, köhnə sənaye zonalarının və depressiv ərazilərin transformasiyası, yaşayış məntəqələrinin davamlı inkişafı, kənd yaşayış məntəqələrinin dirçəlməsi və inkişafı, şəhərlərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, informasiya sistemlərinin inkişafı və normativ-hüquqi layihə sənədlərinin təkmilləşdirilməsi ilə bağlı olacaqdır.
Təhsil və kadrların hazırlığı sahəsində müsbət dəyişikliklər gözlənilir. Məsələn, bu il biz, yəni Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq fakültəsi” nüfuzu bütün dünyada tanınan RİBA-nın (Royal Institute of British Architects) bakalavriat səviyyəsində akkreditasiyadan yenidən keçmişik. RİBA akkreditasiyası memarlıqda “qızıl standart” deməkdir. Bizim bu naliyyətimiz universitet üçün daha da böyük imkanlar və mükəmməlliyə yollar açır və nəinki Azərbaycanda, regionda memarlıq təhsilində lider mövqeyimizi bir daha təsdiqləyir. Vurğulamaq istəyirəm ki, biz postsovet məkanında bu akkreditasiyanı almaq şərəfinə layiq görülmüş yeganə universitetik. Artıq başqa ölkələrdən, məsələn, Qazaxıstan və Türkiyədən də eyni məqsədə nail olmaq üçün bizimlə məsləhətləşmələr aparırlar.
Universitetimiz Avropa və digər dünya universitetləri ilə kifayət qədər geniş əlaqələrə malikdir. Abidələrin bərpası ixtisası üzrə artıq Milan Politexnik Universiteti, Vestminster Universiteti ilə ikili diplomlar həyata keçirilir, bu proqramların genişlənməsi və Şəhərsalma ixtisasını da əhatə etməsi istiqamətində işlər aparılır. Erasmus+ və digər proqramlar çərçivəsində tələbə və müəllimlər təcrübə keçmək üçün əsasən Avropa ölkələri universitetlərinə üz tuturlar. Tələbələrimizə dərsləri xarici ölkələrdən dəvət etdiyimiz professorlar gəlib tədris edirlər. Bütün bu səylərimiz insan kapitalımızı formalaşdırır və bu son zamanlar əldə etdiyimiz nailiyyətlərimizin yalnız kiçik bir hissəsidir.
- Əlbəttə ki, böyük uğurlardır və ölkəmiz adına sevindirici haldır. Siz bu uğurları azad olunmuş ərazilərin bərpası fonunda qeyd etdiniz. Həmin ərazilərdəki abidələrimiz, irsimiz demək olar ki, məhv edilib...
- Bu çox ağrılı tendensiyadır. Abidələr, mədəni irslər ərazinin ruhudur. Mən əminəm ki, bizim bərpaçılar həmin ərazilərin ruhunu özünə qaytara biləcəklər. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda bərpa məktəbinin ən böyük nümayəndəsi mərhum professorumuz, böyük alim Davud Axundov AzMİU-nun Memarlıq məktəbinin ən layiqli üzvlərindən olub. Qafqaz Albaniyasının bütpərəstlik və xristianlıq dövrü memarlığının ilk tədqiqatçısı olan Axundov memarlıqda bu istiqamətin əsasını qoydu. Universitetimizin rektoru professor Gülçöhrə Məmmədova bu məktəbi daha da inkişaf etdirdi, uzun illər Qafqaz Albaniyasının memarlığı ilə bağlı strateji tədqiqatlar aparıldı və onu özününkiləşdirmək istəyən mənfur qonşularımıza elmi əsaslarla layiqli cavab verildi. Məhz bu tədqiqatların, elmi potensialın və formalaşan mühitin nəticəsidir ki, hazırda fakültənin “Bina və qurğuların memarlığı” və “Abidələrin bərpası” ixtisasları üzrə magistratura pilləsində daha əvvəl qeyd etdiyim nüfuzlu RİBA akkreditasiyasından keçməyə hazırlıq işləri gedir.
Ümumilikdə isə fakültənin çox şanlı, qürurverici tarixi var. Fakültədə memarlıq üzrə respublikanın ən tanınmış alimləri və praktik memarları fəaliyyət göstərib: akademik Mikayıl Useynov, akademik Ənvər Qasımzadə, professorlar Qəzənfər Əlizadə, Fikrət Hüseynov, Nəriman Əliyev, Turan Muradxanova, Rasim Əliyev və başqaları öz bilik və bacarıqlarını yeni nəsil memarlarının formalaşmasına yönəldiblər.
Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi, şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 11 memarlıq doktoru, 17 professor, 29 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır.
Bilirsiniz, şəhərsalma və memarlığın inkişafı üçün təhsil, elm və tikinti təşkilatlarının, eləcə də ictimai təşkilatlar və müəssisələrin əlaqəsi böyük əhəmiyyət kəsb edir. Universitetimiz ölkənin memarlıq sahəsində ən qədim təhsil mərkəzi olmaqla yanaşı, həm də böyük elmi potensiala malikdir: ölkənin memarlıq və şəhərsalma sahəsində elmi kadrlarının əksəriyyəti universitetin kafedralarında dərs deyirlər. Biz memarların həyatında mühüm rol oynayan Azərbaycan Memarlar İttifaqı ilə sıx əlaqələrimizlə fəxr edirik. Azərbaycan Memarlar İttifaqının hazırki sədri, professor Elbay Qasımzadə həm də bizim kafedranın müdiridir və bu, kafedranın müxtəlif qurumlarla əlaqələrini və əməkdaşlıq imkanlarını genişləndirir. Onun həm rəhbər, həm də memar kimi qazandığı çoxillik təcrübəsi kollektivdə inteqrasiyanın möhkəmlənməsinə, strateji məqsədlərin effektiv idarə olunmasına və təşkilatın yeni uğurlara doğru irəliləməsinə zəmin yaradır. Memarlıq cəmiyyəti ilə də kifayət qədər sıx əlaqə saxlayırıq. Məzunlarımız bu gün tikinti şirkətlərində və layihə institutlarında, Qarabağda tikinti sahələrində çalışırlar.
Göründüyü kimi, Azərbaycanda şəhərsalmanın gələcəyi çox ümidvericidir.
- Düşünürəm ki, beynəlxalq təcrübə haqqında soruşmasaq olmaz. Sizin fikirinizcə, əsasən, hansı beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi daha faydalı ola bilər?
- Ümumiyyətlə, hesab edirəm ki, tamamilə fərqli şəraiti, adət-ənənələri, mentaliteti və xüsusiyyətləri olan kənar bir ölkənin təcrübəsinin kor-koranə surətini çıxarıb digər ölkəyə təqtbiq etmək yanlışdır və çox güman ki, uğurlu olmayacaq. Hər bir memarlıq məktəbinin, hər bir şəhərsalma sisteminin özünəməxsus uğur sirri var ki, bu da bir çox səbəblərdən qaynaqlanır. Və heç bir sistem mükəmməl deyil zaman keçdikcə nəzərəçarpan çatışmazlıqlar üzə çıxır. Şəhərsalma haqqında ümumi danışmaq da düzgün deyil. Bəzi ölkələrdə nəqliyyat infrastrukturunun həlli, digərlərində mənzil siyasəti tədqirəlayiqdir və s. Əgər istiqamətlər üzrə danışsaq, məsələn mənim üçün müxtəlif hündürlüklü tikintini özündə birləşdirən yüksək keyfiyyətli, tarazlı yaşayış mühitinin yaradılmasında holland təcrübəsi maraq doğurur. Almanlarda daha çox texnoloji həllər və davamlı memarlıq cəlb edir. Yapon və Çin şəhərlərində nəqliyyatın planlaşdırılması təcrübəsi uğurlu hesab olunur. Bir də qeyd etmək istəyirəm ki, Azərbaycan şəhərlərinin (Bakı, Gəncə və s.) xarici şirkətlərlə birgə layihələndirilməsi təcrübəsi göstərdi ki, bizim tələblərimiz, yanaşmalarımız, metodlarımız tamam fərqlidir. Biz birlikdə işləyə bilərik və bir-birimizdən öyrənəcəyimiz çox şey var.