...

Azərbaycanda özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb – Sahil Babayev

İqtisadiyyat Materials 16 Dekabr 2024 15:56 (UTC +04:00)
Azərbaycanda özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb – Sahil Babayev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir sıra sahibkarlara "Dayaq" mükafatının təqdimat mərasimində bildirib.

"Bu gün Azərbaycan dinamik inkişaf nümayiş etdirir. Ölkəmiz bütün istiqamətlərdə və sahələrdə fəal şəkildə inkişaf edir, iqtisadiyyatı gücləndirir, əhalinin rifahını yaxşılaşdırır, müdafiə qabiliyyətini artırır və ən əsası işğaldan azad edilmiş əraziləri sıfırdan bərpa edir. Burada ən yüksək tələblərə cavab verən müasir infrastruktur yaradılır, əhalinin geri qaytarılması ilə bağlı genişmiqyaslı proqramlar həyata keçirilir. Məhz bu proseslər bu gün Azərbaycanın inkişafını xarakterizə edir.

Son dövrlərdə ölkəmizin əmək bazarında və məşğulluq sahəsində mühim dəyişikliklər baş verib. Dövlət qurumları və biznes nümayəndələri ilə birgə iş nəticəsində cəmi altı il ərzində ölkə üzrə əmək müqavilələrinin sayını 50 faiz artırmaq mümkün olub. Bu dövrdə 609 min yeni vətəndaş rəsmi işlə təmin edilib. Əməkhaqqı fondu isə üç dəfə artıb. Xüsusilə vurğulamaq istəyirəm ki, bu 609 min yeni əmək müqaviləsinin 80 faizdən çoxu, yəni təxminən 500 mini özəl sektorun payına düşür", – deyə nazir bildirib.

Sahil Babayev əlavə edib ki, özəl sektor bu müddət ərzində əmək müqavilələrinin sayını iki dəfə artırıb, əməkhaqqı fondu isə üç dəfə yüksəlib.

"Bu, ölkədə həyata keçirilən islahatlara biznesin və sahibkarların necə reaksiya verdiyinin bariz nümunəsidir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı sosial və əmək islahatları sahibkarlarımız tərəfindən tam dəstək qazanıb. Bundan əlavə, bu dövrdə ölkədə minimum əməkhaqqı təxminən üç dəfə, orta aylıq əməkhaqqı iki dəfə, median əməkhaqqı isə 1,2 dəfə artıb", – deyə nazir əlavə edib.

Nazir bu göstəricilərin əhəmiyyətli nəticələr və böyük uğur olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti