Bakı. Trend:
Dekabrın 16-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Trend xəbər verir ki, tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki nəşr edilən jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli və tarixi roluna diqqət çəkməkdir.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əvvəlcə açılış nitqi ilə “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan çıxış edib.
Jurnalın 100 illik fəaliyyətinə dair təqdimat edən Arzu Soltan bildirib ki, 1924-cü ildə ölkədə maarifçilik ideyalarını möhkəmləndirmək məqsədilə təsis edilmiş jurnal "Yeni məktəb" adıyla yaradılmışdı:
"1930-cu ildən isə jurnal "Müəllimə kömək" adıyla çıxmağa başlayıb. Artıq 80 ildən çoxdur ki, jurnalımız "Azərbaycan məktəbi"dir. “Azərbaycan məktəbi” jurnalı təhsilə töhfə vermək üçün aparılan elmi araşdırmaların və onların nəticələrinin işıqlandırılması üçün bir mənbədir".
Ardınca jurnalın tarixi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Təbrik nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, "Azərbaycan müəllimi" jurnalı Azərbaycanın keçmişi və gələcəyi arasında bir körpüdü.
O qeyd edib ki, 2025-ci ildən başlayaraq metodik işin yenidən təşkil edilməsində, diaqnostik qiymətləndirilmələrdə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetiriləcək.
"Biz diaqnostik qiymətləndirilmələrdə müəllimin fənn biliklərini
dəyərləndiririk, düşünürük ki, fənn bilikləri aşağı olan müəllimin
metodik bacarıqları yüksək ola bilməz. Amma müəllimlik tək fənn
bilikləri yox, həm də metodik bacarıqlar deməkdir.
Metodik kabinetlərin ardıcıl və mərhələli islahatları aparılacaq",
- deyə nazir əlavə edib.
Daha sonra Nobel mükafatçısı, professor, jurnalın redaksiya şurasının üzvü Aziz Sancarın “Azərbaycan məktəbi” jurnalının 100 illiyi münasibətilə təbrik məktubu səsləndirilib.
Tədbirdə iştirak edən pedaqogika üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin rektorunun məsləhətçisi, jurnalın redaksiya heyətinin üzvü Ənvər Abbasov, pedaqoji elmlər doktoru, jurnalın redaksiya heyətinin üzvü, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə çıxış edərək öz təbriklərini ünvanlayıb.
Çıxışlardan sonra jurnalın bir qrup əməkdaşına 100 illik münasibətilə Elm və Təhsil Nazirliyinin "Fəxri Fərman" və "Təşəkkürnamə"si təqdim edilib.
Tədbirin rəsmi açılış hissəsindən sonra “Elmi-pedaqoji nəşrlərin əhəmiyyəti, praktik yanaşmalar və təcrübələr” mövzusunda panel müzakirəsi təşkil edilib.
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltanın moderatorluğu ilə keçirilən paneldə Təhsil İnstitutunun direktoru, jurnalın redaksiya heyətinin üzvü Elnur Əliyev, “ADA” Universitetinin dekanı, jurnalın redaksiya heyətinin üzvü Ülviyyə Mikayılova, pedaqogika üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin prorektoru, jurnalın redaksiya heyətinin üzvü Könül Abaslı və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı, Dövlət Proqramı (University of Bath) məzunu Natəvan Qocayeva mövzu ətrafında fikirlər səsləndiriblər.